7 iyul 2012 01:24
CSKA: Biz məhz Bakı ilə oynayacağıq
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bakı” ilə Sloveniya “Mura”sı arasındakı ilk oyunu (0:0) bu komandaların növbəti mərhələdəki rəqibi – Bolqarıstan CSKA-sı da izləyib. Azerisport.az xəbər verir ki, bu barədə bolqar mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, CSKA-nın nümayəndəsi İvo İvonov Bakıdakı görüşü “Dalğa Arena”dan canlı izləyib. Bolqar həmkarlarımız bu oyundan söhbət açarkən maraqlı fikirlər səsləndiriblər: “Stoyko Mladenovun rəhbərlik etdiyi məşqçilər korpusu bu görüşdə onları qorxuda biləcək oyunun şahidi olmadı. Əksinə, CSKA onları sevindirə biləcək daha iki əlavə amilin şahidi oldu. Bunlardan biri əla hava şəraiti idi. Bakıda cəmi 22 dərəcə istilik var idi. Digər məqam isə azarkeşlərin sayının az olması idi. “Dalğa Arena”ya 1500-dək azarkeş toplaşmışdı”.
CSKA düşərgəsi də “Bakı” ilə “Mura” arasındakı ilk oyunun maraqlı alınmadığını açıqlayıb: “Düzdü, meydan sahibləri çoxsaylı qol epizodları yarada bilsələr də, bunlardan yararlana bilmədilər. Buna baxmayaraq, biz məhz “Bakı” ilə oynayacağıq. Bu komandanı isə nəyin bahasına olur-olsun, məğlub etməliyik”.
Qeyd edək ki, mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq CSKA artıq rəqibini gözləyir. “Mura” ilə “Bakı” arasındakı cavab oyunu isə iyulun 12-də Sloveniyada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
