8 iyul 2012 00:35
Neftçinin rəqibi Steaua ilə sülh bağladı
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” komandası yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Rumıniya təmsilçisi “Steaua” (Buxarest) ilə görüşdə qüvvələrini sınayıblar.
Qarşılaşma tərəflərin bütün cəhdlərin rəğmən, qolsuz başa çatıb. Qeyd edək ki, bu, “Neftçi”nin rəqibinin ölkə xaricindəki toplanış çərçivəsində keçirdiyi üçüncü sınaq matçı idi. Bundan öncə Rumıniya təmsilçisi “Astra” ilə görüşdə qüvvəsini sınayan Gürcüstan çempionu 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi. Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Plovdiv) oyun isə gürcülərin 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
Sonda onu da bildirək ki, “Neftçi” ilə “Zestafoni” arasındakı ilk oyun iyulun 17-də “Dalğa Arena”da keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Zestafonidə baş tutacaq.
