9 iyul 2012 16:58
FIFA nümayəndələri Bakıda daha bir görüş keçirdi (FOTOLAR)
JW Marriott Absheron Baku Hotelində FIFA nümayəndələri və FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə ötən həftə keçirilmiş püşkatma mərasimi müzakirə olunub.
FIFA-nın qadın yarışlarının rəhbəri Tatyana Haenni belə böyük təşkilatçılıq üçün YTK-ya və ümumilikdə Azərbaycan xalqına minnətdar olduqlarını vurğulayıb. Digər FIFA nümayəndələri də tədbirin təşkilindən razı qaldıqlarını bəyan ediblər. Sonrakı müzakirə çempionata ayrı-ayrı departamentlərin hazırlığının müzakirəsi çərçivəsində davam etdirilib.
Püşkatma mərasiminin təşkili və çempionata hazırlıq işləri ilə tanış olmaq üçün iyulun 2-dən ölkəmizdə olan FIFA nümayəndə heyətinin səfəri bu gün başa çatır.
