10 iyul 2012 13:18
Bakının yeni transferi 500 min avroya başa gəlib
Qapıçı axtarışlarını davam etdirən “Bakı” nəhayət ki, bu boşluğu doldurmağı bacarıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın Makedoniya yığmasının şərəfini qoruyan Edin Nuredinoski ilə danışıqları müsbət yekunlaşıb.
Makedoniyalı qolkiper tibbi müayinədən keçdikdən sonra müqavilənin şərtlərini də qəbul edib. Onunla bir illik müqavilə imzalanıb. Lakin “Bakı” Edinin xidmətindən “Mura” ilə cavab matçında istifadə edə bilməyəcək.
Qeyd edək ki, Edin Nuredinoski hazırda Makedoniya yığmasının əsas qapıçısı hesab olunur. O, 2009-cu ildən çağırıldığı yığmada 14 dəfə forma geyinib. 30 yaşlı qolkiper karyerası ərzində Makedoniyanın “Vardar”, “Sloga”, “Pobeda”, “Cementarnica”, “Milano Kumanovo”, Almaniyanın “Eintracht” (Braunşvayq) və Cənubi Kiprin “Etnikos” klublarında çıxış edib.
Makedoniya mətbuatı Nuredinoskinin transfer qiymətini də açıqlayıb. Onlar qolkiperin paytaxt klubuna 500 min avroya başa gəldiyini iddia edib.
