10 iyul 2012 00:08
Latviya səfirliyi Bakının 2 futbolçusuna viza vermədi
Latviyanın Azərbaycandakı səfirliyi “Bakı”nın 2 futbolçusuna və 29 jurnalistə Sloveniyaya “Mura” ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa yollanmaları üçün viza açmayıb. Azerisport.az xəbər verir ki, bu haqda klubun Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, həmin futbolçular seneqallı qapıçı Xalidu Sissoko ilə yeni transfer Georgi Popxadzedi: “Sloveniyanın Azərbaycanda səfirliyi olmadığından, viza üçün bu ölkənin Türkiyədəki səfirliyinə və Latviyanın ölkəmizdəki səfirliyinə müraciət etmişdik. Türkiyədəki səfirlikdən bildirdilər ki, viza almaq istəyən şəxslərin özlərini görməlidirlər. Latviya səfirliyindən isə Popxadzeyə vizanı vətəndaşı olduğu Gürcüstandakı səfirlikdən almağı məsləhət gördülər. Sissokoya gəldikdə, çox güman ki, bu, Seneqal vətəndaşlarına Latviyadan vizanın ümumiyyətlə verilməməsi ilə bağlıdı”.
Jurnalistlərə viza verilməməsinə gəldikdə, Mehdiyev deyib ki, Sloveniyadan dəvətlər gec gəlib: “Bizə dəvət məktubu ilk oyunu keçirdiyimiz günün ertəsi – iyulun 6-da gəldi. Növbəti 2 gün həftəsonuna təsadüf etdiyi üçün səfirlik işləmirdi. Bazar ertəsi – iyulun 9-da isə klubumuzun nümayəndələri Latviya səfirliyində olarkən, onlara deyiblər ki, bu qədər insana bir gün ərzində viza verə bilməzlər. Bu, həftəsonundan tez mümkün deyil. Ona görə də sənədlər geri qaytarılıb”.
Qeyd edək ki, “Mura” – “Bakı” matçı iyulun 12-də olacaq. “Bakı” səfərə bu gün iyulun 10-da çıxacaq. (lent.az)
