10 iyul 2012 01:15
Xəzər Lənkəran Estoniyada son məşqə çıxdı (FOTOREPORTAJ)
Ötən gün “Xəzər Lənkəran” Tallində “Nomme Kalju” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqası birinci təsnifat mərhələsinin cavab oyunu öncəsi yekun məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, yerli vaxtla saat 18:45-də baş tutan məşq Estoniya Futbol Federasiyasının məşq meydançasında, daha doğrusu Tallinin “A Le Koq” stadionunun köməkçi meydanında keçirilib.
Hazırlıq prosesində komanda tam heyəti ilə iştirak edib. Bir saat yarım davam edən məşqdə futbolçular fiziki və taktiki baxımından müxtəlif tapşırıqları yerinə yetiriblər. Prosesə yüngül qaçışla yekun vurulub. Onu da qeyd edək ki, məşq Tallində yaşayan bir neçə “Xəzər Lənkəran” azarkeşi tərəfindən də izlənilib.
Bu gün Tallinin “Kadriorq” stadionunda baş tutacaq “Nomme Kalju” – “Xəzər Lənkəran” matçının start fiti Bakı vaxtı ilə saat 20:45-də veriləcək.
