10 iyul 2012 02:34
Xəzər Lənkəranı Tallində 200 azarkeş dəstəkləyəcək
“Xəzər Lənkəran” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Estoniya “Nomme Kalju”su ilə cavab oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Tallində keçiriləcək qarşılaşmada komandamızı 200-ə yaxın azarkeş dəstəkləyəcək.
Bunların əksəriyyəti Estoniyada yaşayan azərbaycanlılar olacaq. Eyni zamanda “Xəzər Lənkəran”ın komanda ilə birgə Tallinə yollanan bir qrup azarkeşi də sevimlilərini dəstəkləyəcəklər. Bütövlükdə isə qarşılaşmanı elə də çox azarkeşin izləməsi gözlənilmir. Çünki estoniyalı futbolsevərlər bu görüşə o qədər də böyük maraq göstərmirlər.
Qeyd edək ki, “Nomme Kalju” – “Xəzər Lənkəran” görüşü bu gün saat 20:45-də keçiriləcək. Bu komandalar arasında iyulun 5-də Lənkəranda keçirilmiş görüş 2:2 hesabıyla başa çatmışdı.
