10 iyul 2012 21:30
Neftçi Zaqreb Dinamosuna başa çatmayan oyunda qalib gəldi (YENİLƏNİB)
UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" bu gün Avstriya toplanışı çərçivəsində sonuncu - dördüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın bu dəfəki rəqibi Xorvatiyanın məşhur “Dinamo” (Zaqreb) klubu olub.
Maraq üçün qeyd edək ki, bu komanda UEFA Çempionlar Liqasının ötən mövsümündə “Neftçi” ilə düşmüşdü. Xorvatiyada keçirilən ilk oyunda 0:3 hesabıyla məğlub olan təmsilçimiz Bakıda da yalnız qolsuz heç-heçəyə nail ola bilmişdi.
Bu qarşılaşmada isə qələbə “Neftçi”yə qismət olub. Lakin görüş əlverişsiz hava şəraiti ucbatından ikinci hissə oynanılarkən dayandırılıb.
Qeyd edək ki, “Neftçi” Avstriyadakı hazırlıq prosesi çərçivəsində ilk oyununu Rusiyanın “Kuban” (Krasnodar) komandasına qarşı keçirmiş və 0:2 hesabıyla məğlub olmuşdu. Rumıniyanın məşhur “Dinamo” (Buxarest) klubu ilə görüşdə eyni hesabla qalib gələn “ağ-qaralar” ötən gün əvəzedicilərdən ibarət heyətlə Ukraynanın “Dinamo” (Kiyev) klubuna 0:5 hesabıyla uduzmuşdu. Türkiyə toplanışı zamanı isə “Neftçi” Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzmuş, İran çempionu “Sepahan”a qalib gəlmişdi – 1:0.
Yoxlama oyunu
10 iyul
DİNAMO (Zaqreb) – NEFTÇİ - 0:1 (0:1)
Qol: Mehdiyev, 24 (0:1)
"Neftçi"nin start heyəti: Saşa Stamenkoviç, Elvin Yunuszadə, Rail Məlikov, İqor Mitreski, Bruno Bertuççi, Erik Ramos, Rəşad Sadiqov, Julius Vobay, Emin Mehdiyev, Cavid İmamverdiyev, Nikolas Kanales.
"Dinamo"nun start heyəti: İ.Kelava, Ş.Vrsayko, D.Vida, Tonel, N.Pokrivac, M.Kovaçiç, M.Badey, A.Rukavina, Sammir, İbanez, D.Çop.
Oyun başladı
Zaqreblilər ilk dəqiqələrdən təşəbbüsə yiyələniblər və "Neftçi"ni topsuz saxlamağa çalışırlar
Mehdiyevin zərbəsini qapıçı tutur
Oyun dayandırılır. Azarkeşlər meydana axışaraq, müxtəlif əşyalar atmağa başlayıblar. Lakin stadionda mühafizəçilərə demək olar ki, rast gəlinmir
Təxminən beş dəqiqəlik fasilədən sonra oyun bərpa olunur
Hər iki komanda fəaldı və hücum qurmağa çalışır
C.İmamverdiyev Kanaleslə divar ötürməsi edərək qapıçı ilə üz-üzə qalsa da, Kelava qola imkan vermir
Cavidin bacarmadağını Mehdiyev həyata keçirir - 0:1
"Dinamo" buraxılan qoldan sonra bir qədər də fəallaşıb və cavab qolunu vurmağa çalışır
Badelin güclü zərbəsi qapının üstündən keçir
Vobayın zərbəsi təhlükəli olsa da, qol gətirmir
İlk yarı başa çatdı
İkinci hissə başladı
Kanalesə ikinci qolu vurmağa azacıq qeyri-dəqiqlik mane oldu
"Dinamo" çox təhlükəli hücum qurur. Amma fasilədə Stamenkoviçi əvəzləyən Rauf Mehdiyev qola imkan vermir
Matç güclü yağış altında keçirilir
Qarşılaşma yenidən dayandırılır: bu dəfə yağışa görə
Hakim əlverişsiz hava şəraiti səbəbindən oyunu dayandırır
Hakimlər briqdası oyunu davam etdirməmək qərarına gəlir və "Neftçi" başa çatmayan matçda qələbə qazanır
