11 iyul 2012 16:15
İnter Transla oyuna ikinci heyətlə çıxacaq
“İnter” Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Trans”ı ilə cavab oyununa əsas heyətlə çıxmayacaq. Azerisport.az xəbər verir ki, “bankirlər” Bakıda keçiriləcək cavab görüşündə əsas heyətin 2-3 üzvünün xidmətindən yararlana bilər.
Heyətin əksəriyyəti isə əvəzedicilərdən ibarət olacaq. Əsas heyət üzvlərinin meydana buraxılmamasında əsas məqsəd onları zədədən qorumaqdı. Eyni zamanda onlar həm də növbəti mərhələnin Yunanıstan “Asteras”ı ilə oyunlarına daha hazırlıqlı olacaqlar. Üstəlik, yunanların Bakıdakı qarşılaşmanı izləməsi də nəzərə alınıb. Hər halda onlar “İnter”in əsas heyət üzvlərinin nəyə qadir olduğunu növbəti dəfə yalnız özlərinə qarşı oyunda görə biləcəklər.
Maraq üçün xatırladaq ki, “İnter” ilk oyunda “Trans”ı 5:0 hesabıyla məğlub etmişdi. Bu üzdən də cavab oyunu demək olar ki, formal xarakter daşıyır.
