12 iyul 2012 00:24

İnter üçün formal oyun, Bakı üçün ölüm-dirim mübarizəsi

Bu gün Azərbaycan klublarından daha ikisin avrokubok taleyinə aydınlıq gələcək. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Xəzər Lənkəran”ın ardınca “İnter” və “Bakı” da qitənin ikinci dərəcəli klub turnirində mərhələ adlamağa çalışacaq.
 
Məlum olduğu kimi, “Bakı” bu hüquqa ölkə kubokunu qazanmaqla, “İnter” isə bürünc medalçı kimi yiyələnib. “Zolaqlılar”ı Avroliqanın ilkin təsnifat mərhələsində Sloveniya, “bankirlər”i isə Estoniya təmsilçisi ilə görüş gözləyir. Təmsilçilərimizdən birinin aqibətinə doğma divarlar arasında, digərinə isə rəqib meydanında aydınlıq gəlməlidi. Baxmayaraq ki, artıq “İnter” mərhələ adlamaq vəzifəsinin öhdəsindən elə ilk oyundaca böyük ölçüdə gəlib.
 
Qeyd edək ki, hər iki klubumuz püşk zamanı “səpələnmişlər” səbətindən çıxdığı üçün, rəqibləri özlərinə nisbətən daha zəiflərin – “səpələnməmişlər”in arasından seçilib. Məhz bu üzdən azərbaycanlı futbolsevərlərin hamısı həm “Bakı”nın, həm də “İnter”in ən azı birinci mərhələni keçəcəyinə əmindi. Əks halda bu, mərhələ keçə bilməyən klubumuz üçün çox ciddi uğursuzluq kimi qiymətləndiriləcək.
 
Yuxarıda da qeyd etdiyimiz kimi, Estoniyanın “Trans” klubu ilə qarşılaşan “İnter” artıq demək olar ki, növbəti mərhələdədi. “Bankirlər” səfərdə 5 cavabsız qol vurduğu bu rəqibinə şans yeri qoymayıb. Təbii ki, estonların Bakıda bu məğlubiyyətin əvəzini çıxması inandırıcı görünmür və belə bir şey möcüzəyə bərabər hesab olunur.

Bu yay transfer bazarında ən çox fəallıq nümayiş etdirən klublarımızdan olan “bankirlər”in meydanda anlaşma baxımından problemlərlə üzləşməsi ehtimalı olsa da, xoşbəxtlikdən Estoniyadakı qarşılaşmada hər şey arzulanan səviyyədə oldu. Paytaxt klubunun yeniləri - Slavço Georgiyevski, George Adamiya, Tales Şütz və digər transferlər artıq ilk rəsmi oyunlarındaca özlərindən söz etdirməyi bacardılar.
 
İndi “İnter”i Bakıda “Trans”la tam formal bir oyun gözləyir. “Bankirlər” bu oyunda sadəcə reytinq xatirinə qələbə qazanmağa çalışmalıdılar. Bundan əlavə paytaxt klubu əsas heyət oyunçularını qorumağı da yaddan çıxarmamalıdı. Belə ki, “İnter”in bu gün keçiriləcək görüşdə ikinci komandasını meydana buraxması gözlənilir. Bu, həm əsas heyət oyunçularını qorumağa, həm də ikinci təsnifat mərhələsində onları gözləyən Yunanıstan “Asteras”ının nümayəndələrini “azdırmaq” məqsədi daşıyır.
 
“Bakı”nı isə bir müddət öncə yoxlama oyununda 4:0 hesabıyla yendiyi Sloveniya “Mura”sı ilə üçüncü oyun gözləyir. Təbii ki, yoxlama görüşü ilə avrokubok oyunu tamamilə fərqlənir. Bunu elə Bakıdakı ilk oyun da gözləyir. Hamı doğma divarlar arasında “Bakı”dan asan qələbə gözlədiyi halda, qolsuz heç-heçə qaçılmaz oldu.
 
Amma cavab matçında komandamız ümumi nəticəni xeyrinə dəyişmək üçün daha inamlı oyun sərgiləməyə borcludu. Azərbaycan kubokunu komandasına qazandırmaqla baş məşqçi postunda qalmağı bacaran Novruz Əzimova Avroliqada da böyük ümidlər bəslənilir. Hansı ki, o da heyətdə çox dəyişiklik etməyib. Paytaxt klubu vaxtilə heyətində oynamış Ramazan Abbasov və Əziz Quliyevi geri qaytarmaqla yanaşı, həm də iki müdafiəçi alıb – Edemir Rodriqes və Georgi Popxadze.
 
Lakin heyətini tam komplektləşdirə bilməməsinə rəğmən, Əzimovun “Bakı”sı “Mura” səddini keçəcək gücdədi. Ola bilsin ki, Bakıdakı oyuna komanda bir qədər arxayın çıxdığı üçün bunun cəzasını məhz heç-heçə ilə ödəməli oldu. Amma “Xəzər Lənkəran” ilk oyunda işini çətinə salıb, “Nomme Kalju”nu səfərdə məğlub etdiyi kimi, “Bakı” da doğma meydandakı görüşdən lazımı dərs çıxarmalı, səfər matçında istənilən nəticəni qazanmalıdı.
 
Yeri gəlmişkən qeyd edək ki, “Bakı” Sloveniyada heç-heçə etməklə də mərhələ adlaya bilər. Bu üzdən də “zolaqlılar” “Mura” ilə müqayisədə daha bir üstünlüyə malikdi. Lakin bunun üçün ən azı bir qol vurmaq lazımdı. İstənilən qollu heç-heçə ilə yanaşı, qələbə daha arzulanan nəticədi. Arzu edək ki, “Bakı” da məhz qələbə ilə mərhələ adlayacaq.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycan UEFA-dakı klub reytinqinə də müsbət təsir göstərir. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə 0,125 xal verir. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 35-cidi və hesabında 6.291 reytinq xalı var ki, onun da 0,750-i cari mövsümdə qazanılıb. Bundan 0,375 xal “Xəzər Lənkəran”ın, 0,250 xal “İnter”in, qalanı isə “Bakı”nın (0,125) payına düşür.
 
Avropa Liqasındakı klublarımızla yanaşı Azərbaycanı bu il ölkə çempionu “Neftçi” də qitə arenasında təmsil edəcək. “Ağ-qaralar” daha nüfuzlu Çempionlar Liqasında özünü göstərmək şansına malikdi.
 
Avroliqadakı klublarımızın iştirak ərizələrini də təqdim edirik. “İnter” bu turnirdə 21, "Bakı" isə 26 futbolçu ilə mübarizə aparır.
 
İnter
Qapıçılar: Georgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze;
Müdafiəçilər: Brüs Abdulaye, Valeri Abramidze, Ruslan Əmircanov, İlia Kandelaki, Vladimir Levin;
Yarımmüdafiəçilər: Arif Daşdəmirov, Daniel Genov, Nizami Hacıyev, Slavço Georgiyevski, Ramil Həşimzadə, Asif Məmmədov, Asif Mirili, İbrahima Niasse;
Hücumçular: George Adamiya, Tales Şütz, Baçana Tsxadadze, Samir Zərgərov, Petar Zlatinov;
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
Bakı
Qapıçılar: Elxan Əhmədov, Aqil Məmmədov, Xalidu Sissoko;
Müdafiəçilər: Elvin Əliyev, Duje Bakoviç, Əziz Quliyev, Denis İvanovs, İbrahim Karqbo, Cəmşid Məhərrəmov, Novruz Məmmədov, George Popxadze, Edemir Rodriqez Merkado, Şəhriyar Əliyev, Elşad Manafov;
Yarımmüdafiəçilər: Ramazan Abbasov, Deividas Çesnauskis, Lukas Mario Horvat, Nenad Kovaçeviç, Elvin Məmmədov, Aleksandar Soliç, Xavier Junior, Rəhman Hacıyev;
Hücumçular: Uinston Parks, Maris Verpakovskis, Namiq Ələsgərov, Nurlan Novruzov;
Baş məşqçi: Novruz Əzimov.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunları)
12 iyul
 
21:00. İNTER – TRANS (ilk oyun 5:0)
Bakı. "Dalğa Arena".
Hakimlər: Kevin Klensi, Ceyms Bi, Stüart Stevenson, Brayan Kolvin (hamısı Şotlandiya).
 
23:00. BAKI – MURA (ilk oyun 0:0)
Lendava. “Sportni Park” stadionu.
Hakimlər: Atanassios Qyakos, Mixael Karsiotis, Dimitris Tatsis, Stavros Tritsonis (hamısı Yunanıstan).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.