11 iyul 2012 12:10
Neftçinin Dinamo ilə oyununda yaranan qalmaqalın təfərrüatları
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə keçirdiyi yoxlama matçı qalmaqalla yadda qaldı. Azerisport.az xəbər verir ki, sonda güclü yağış səbəbindən yarıda saxlanılan qarşılaşmanın ilk dəqiqələrində baş verən olaylar təəccüb doğurmaya bilməzdi.
Qeyd edək ki, həmin qalmaqalı törədənlər Xorvatiyadan Avstriyaya gedən 15-dək azarkeş olub. Onlar artıq 7-ci dəqiqədə “Dinamo”nun prezidenti Mirko Barışiçə və onun həyat yoldaşına dolu pivə qabları atmağa, onlar təhqir etməyə başlayıblar. Oyunda 5 dəqiqəyədək fasilə yaranıb. Polislər gəldikdən və iki komanda ilə hakimlər arasında razılığın əldə olunmasından sonra matç davam etdirilib. 28-ci dəqiqədə Emin Mehtiyevin gözəl qolu ilə “Neftçi” hesabda önə çıxıb. Bu zaman tribunada xorvatiyalı azarkeşlər arasında dava düşüb. Fanatlar həm də “Neftçi”də çıxış edən serbiyalı qapıçı Saşa Stamenkoviçi təhqir ediblər. Hakim ilk yarının sonadək oynanılmasına şərait yaratsa da, fasilədə xəbərdarlıq edib:
“Oxşar insident yenə yaransa, oyun yarımçıq saxlanılacaq”. Lakin ikinci yarının başlanmasından heç 10 dəqiqə keçməmiş oyun dayandırılmalı olub. Çünki xorvatiyalı azarkeşlər xuliqanlıqlarına son qoymaması azmış kimi, güclü yağış da öz sözünü deyib.
