12 iyul 2012 17:38
“Mövsümün startına qədər komanda tam hazır vəziyyətə gələcək”
“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Samir Abasov komandanın hazırlıq planı barəsində danışıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən kapitan bəzi məqamlara toxunub:
“Hazırlıq normal şəkildə davam edir. Komanda Bernard Raabın rəhbərliyi altında gündə iki dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq keçir. Şükürlər olsun ki, heyətdə zədəli futbolçumuz yoxdu. Yalnız, Taner Taktakda kiçik problem var. Amma o da, sabahdan etibarən komandaya qoşulacaq. Ən böyük çətinliyimiz komandada oyun praktikasının olmamasıdı. Bildiyiniz kimi, komandanın əksər üzvləri yeni futbolçulardı. Bu səbəbdən daha çox yoxlama oyunu keçirməliyik. Əksər klublarımız ölkə xaricində hazırlıq keçir. Burada sınaqçı rəqib tapmaqda çətinlik çəkirik. Amma klubun rəhbərliyi bu problemi həll etmək üzrədi. Tez bir zamanda “Sumqayıt” təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə yollanacaq”.
Samir Abasov həmçinin komandanın yeni transferləri barəsində də danışıb. Kapitan heyətə cəlb olunan təcrübəli futbolçuların faydalı olacağını deyib: “Sumqayıt” Futbol Klubu gənclərdən qurulmuş kollektivdi. Heyətdə yer alan gənclərimiz artıq bir mövsüm Premyer Liqada oynadı. Orxan Əliyev, Murad Ağayev, Slavik Alxasov kimi gənc futbolçuları artıq çempionata tam hazır saymaq olar. Bundan başqa, klubun rəhbərliyi Ceyhun Sultanov, Aftandil Hacıyev, Sabir Allahquliyev kimi təcrübəli və Azərbaycan futbolunda öz sözünü demiş futbolçuları komandaya dəvət edib. Onlar “Sumqayıt” üçün önəmli simalara çevriləcək. Qeyd edim ki, yeni gələnlər uyğunlaşma problemi yaşamadılar. Əvəzedicilərdən gələn futbolçular da məşqlərdə özlərini yaxşı tərəfdən göstərə bilirlər. Artıq baş məşqçi Bernard Raabın işi də nisbətən yüngülləşib. Hazır futbolçularla işləmək almaniyalı məşqçi üçün daha rahatdı”.
Abasov mövsümün startına qədər komandanın tam hazır olacağını düşünür: “Premyer Liqa kimi uzun marafonda çıxış ediriksə, hər mövqedə ən azı iki futbolçumuz olmalıdı. Artıq heyətin böyük hissəsi hazırdı. Bir müdafiəçi və bir yarımmüdafiəçiyə ehtiyacımız var. Rəhbərlik hazırda bu məsələ ilə bağlı çalışmalarını davam etdirir. İnşallah mövsümün startına qədər komanda tam hazır vəziyyətə gələcək”.
