13 iyul 2012 15:12
Bakı Bolqarıstanı şoka salıb
Bolqarıstan futbol ictimaiyyəti Azərbaycan kubokunun qalibi “Bakı”nın Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniya “Mura”sını keçə bilməməsindən təəccübünü gizlətməyib. Azerisport.az xəbər verir ki, bu ölkənin idman mətbuatı ötən gün qeydə alınan cavab oyunundakı 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“CSKA-nın gözlədiyi rəqib – Azərbaycanın “Bakı” klubu Sloveniya səddini keçə bilmədi. Evdəki qolsuz heç-heçədən sonra bakılılar səfərdə məğlubiyyətlə üzləşdilər. Maraqlıdı ki, Avropa Liqasının püşkatmasından bir neçə gün öncə “Bakı” ilə “Mura” yoxlama oyunu keçirmiş və azərbaycanlılar sloveniyalıları 4:0 hesabıyla darmadağın etmişdilər. Bu nəticədən sonra “Bakı”nın Avroliqada növbəti mərhələyə asanlıqla keçəcəyinə heç kim şübhə etmirdi”.
Qeyd edək ki, “Bakı” “Mura” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində məhz Bolqarıstanın CSKA (Sofiya) klubu ilə qarşılaşmalı olacaqdı.
