13 iyul 2012 03:21
Xəzər Lənkəranın növbəti rəqibi - Azərbaycan klublarının qənimi
“Xəzər Lənkəran”ın Avropa Liqasındakı növbəti rəqibinin adı nəhayət ki, dəqiqləşdi. Azerisport.az xəbər verir ki, təmsilçimiz qitənin ikinci dərəcəli klub turnirində Qazaxıstanın “Jetisu” klubunu mübarizədən kənarlaşdıran Polşanın “Lech” komandası ilə üz-üzə gələcək.
“Lech” Polşa xalqının əfsanəvi banisinin adını daşıyır. Əfsanəyə görə, Lex, Çex və Rus adlı üç qardaş ova gedir. Lakin onlara yırtıcı heyvan hücum edir. Nəticədə Lex şimala, Rus şərqə, Çex isə Rip dağına tərəf gedir. Sonra isə bunlar üç xalqın əcdadı olur. “Lech” klubu da Polşa xalqının əcdadı hesab olunan əfsanə qəhrəmanının adını daşıyır.
“Lech” klubu 1992-ci ildə yaradılıb. Komanda ev oyunlarını Poznandakı Mieyski stadionunda keçirir. Bu stadionun azarkeş tutumu 43 min 269 nəfərdi.
Komandaya hazırda 35 yaşlı Marius Rumak başçılıq edir. Klubun prezidenti Karol Klimçakdı.
“Lech” indiyədək 18 mövsümdə avrokuboklara qatılıb. Komanda ilk dəfə qrup mərhələsinə 2008-2009 mövsümündə UEFA Kubokunda vəsiqə qazanıb. Birinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ı udan polşalılar qrupda “Nancy” və “Feyenoord”u geridə qoyaraq 1/16 finala çıxıblar. Lakin burda “Udinese”yə yenilərək mübarizəni dayandırıblar.
“Lech” 2010-2011 mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “İnter”i udub, ardınca “Sparta”ya uduzaraq, Avroliqanın pley-off mərhələsinə düşüb. Burda da “Dnepr”i yenərək qrupa vəsiqə qazanıb. Qrup mərhələsində “Juventus” və “Salzburq”u geridə qoyaraq ikinci pilləni tutan “Lech” 1/16 finalda həmin mövsüm turnirin finalında oynamış “Braga”ya yenilib.
Dortmund “Borussia”sının məşhur üzvü, son iki ildə Almaniya çempionu olmuş Robert Levandovski 2008-2010-cu illərdə bu komandada çıxış edib. O, vaxtı ilə “Xəzər Lənkəran”a qarşı da oynayıb.
“Lech”in 2 üzvü son Avropa çempionatının iştirakçısı olub. Belə ki, Martin Kaminski və Rafal Muravski Polşa yığmasının heyətində AÇ-2012-də forma geyinib.
“Lech”in heyətində 7 legioner forma geyinir. Serbiyadan 2, Macarıstan, Bosniya və Hersoqovina, Kolumbiya, Bolqarıstan, Panama və Burundidən bir futbolçu “Xəzər Lənkəran”ın rəqibinin uğurları üçün çalışır.
Qeyd edək ki, “Lech” indiyədək rəsmi turnirlərdə üç dəfə klublarımıza rəqib olub. “Karvan”, “Xəzər Lənkəran” və “İnter”i sınağa çəkmiş Poznan təmsilçisi hər üç halda güclü çıxıb.
Püşk bu komandanı ilk dəfə 2005-ci ilin yayında “Karvan”ın qarşısına çıxarıb. Bakıdakı oyunda “Lech” 2:1, Polşadakı matçda 2:0 hesablı qələbə qazanıb.
2008-2009 mövsümündə UEFA Kubokunun birinci təsnifat mərhələsində bu dəfə “Lech” “Xəzər Lənkəran”a rəqib olub. “Bakı”dakı oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. Polşadakı qarşılaşma isə daha böyükhesabla nəticələnib – 4:1. Həmin oyunlarda forma geyinmiş Rahid Əmirquliyev, Rodomir Todorov və Alim Qurbanov indi də “Xəzər Lənkəran”da çıxış edir.
2010-2011 mövsümündə “Lech” Çempionlar Liqasında “İnter”ə rəqbi olub. Bakıdakı oyunda “Lech”, Poznandakı matçda “İnter” 1:0 hesablı qələbə qazanıb. Cavab matçının əlavə vaxtında da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Tərəflər hərəyə 9 dəfə penalti vurub. “Lech” 2, “İnter” 3 dəfə zərbəni qeyri-dəqiq yerinə yetirdiyindən mərhələ adlayan tərəf Polşa təmsilçisi olub.
