13 iyul 2012 16:38
İnter İsveçrə millisinin müdafiəçisini alır
Xəbər verdiyimiz kimi, “İnter” Avropa Liqasının ikinci təsnifat mərhələsinin Yunanıstan “Asteras”ı ilə oyunları öncəsi heyətini gücləndirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda iki futbolçu ilə danışıqlar aparır.
Onların adları ictimaiyyətdən gizli saxlanılsa da, artıq birinin kimliyi barədə məlumat əldə edə bilmişik. Belə ki, bu, İsveçrənin “Zürich” klubunda çıxış edən müdafiəçi Haynts Barmettlerdi.
1987-ci ildə anadan olan bu futbolçu vaxtilə “Grasshopper”də də çıxış edib. Lakin mərkəz müdafiəçisi 2006-cı ildən “Zürich”ə transfer olunub və indiyə qədər bu komandada 64 oyun keçirib. Barmettler bir dəfə İsveçrə yığmasında da oyun keçirib.
Maraq üçün qeyd edək ki, “İnter”in almaq istədiyi digər oyunçu da “Zürich”in şərəfini qoruyur və hücumçudu. Amma onun kimliyi dəqiq bilinmir.
“İnter”in Avroliqanın ikinci təsnifat mərhələsi öncəsi iştirak ərizəsinə daha iki futbolçu daxil etmək ixtiyarı var. Hazırda danışıqlar aparılan futbolçularla müqavilə bağlamaq mümkün olsa, onların xidmətindən elə “Asteras”la oyunlarda da yararlanmaq olacaq.
