14 iyul 2012 13:32
Ramin Musayev: Bayram hiss etmirəm
Bu gün Premyer Liqanın 2012/13 mövsümünün püşkatma mərasimi zamanı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin bəzi suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə mərasimə marağın az olmasından gileylənib:
“Bu gün nəsə bayram hiss etmirəm. Çox az jurnalist var. Klub rəhbərləri də gəlməyiblər. Yəqin ki, istiyə görədi”.
Bəzi narazılıqlara baxmayaraq, Musayev çempionatın formatının dəyişməyəcəyini bildirib: "Çempionat yenə eyni formatda keçiriləcək. Yəni, "altılıq" sistemi davam edəcək. İkinci "altılıq"da qərarlaşan komandalar buna etiraz edirlər. Ancaq onların iradları əsassızdı. Çünki bu sistem artıq özünü doğruldub. Klublarımız daim mübarizə aparırlar, avrokuboklara hazırlıq baxımından o qədər də çətinliklərlə üzləşmirlər”.
Daha sonra hakimliyə toxunan PFL prezidenti yeni mövsümdə ciddi problemlərin olmayacağına inandığını dilə gətirib: “Ötən mövsüm hakimlikdən uzaqlaşdırılan az olub. Bu da hakimliyin səviyyəsinin inkişaf etdiyini göstərir. Çalışacağıq ki, yeni mövsümdə hakim səhvləri az olsun. Çempionlar Liqasında, Avropa Liqasında, eləcə də digər beynəlxalq oyunlar zamanı hakimlərin buraxdığı kobud səhvləri görəndə öz hakimlərimizin idarəçiliyinə çox sevinirəm”.
“Bakı”nın Avropa Liqasındakı uğursuz çıxışına da toxunulub: “Mən “Bakı”nın Sloveniya “Mura”sını keçə bilməyəcəyini gözləmirdim. Yeri gəlmişkən, bu komandalar arasındakı ilk oyunun hakimi də qonaqların xeyrinə çox kobud səhvlə yadda qaldı. Əminəm ki, “Bakı” çempionatda özünü göstərə biləcək. “Xəzər Lənkəran”la “İnter” hamımızı sevindirdi. Fikrimcə, “Neftçi” də istəyinə çatacaq”.
Musayev sonda yeni mövsüm üçün Premyer Liqanın teleyayım hüququ ilə bağlı məsələyə də aydınlıq gətirib. O, artıq çempionatın yayım hüququnun 90 faiz həll olunduğunu bildirib:
"Çempionatın teleyayım hüququ 90 faiz həll olunub. Bu yöndə klublardan da razılıq almışıq. Çalışacağıq ki, bütün oyunlar razılıq əldə etdiyimiz kanal vasitəsilə canlı yayımlansın. Canlı verilməyən matçlar isə PFL-in rəsmi saytında nümayiş olunacaq. Bununla bağlı artıq bütün zəruri texiniki avadanlıqlar da alınıb".
