14 iyul 2012 18:19
“Bizim rəqibimiz Lechdən daha güclü komandadı”
Futbol üzrə Azərbaycan yığmasının və Latviyanın “Metallurg” klubunun hücumçusu Vüqar Əsgərov azerisport.az saytına müsahibəsində Avropa Liqasında vurduğu qoldan danışıb, eləcə də qarşıdakı oyunlarda şanslarını dəyərləndirib.
“Əgər hücumçu qol vurursa, bu, onun üçün yaxşı haldı. Mən də bunu bacarmağa çalışıram. Oyunun sonlarında meydana çıxsam da, hədəfimə çata bildim. Düzdü, həmin oyunda daha iki yaxşı imkanım oldu. Çünki San-Marino təmsilçisi o qədər də güclü təsir bağışlamırdı. Amma bunlardan yalnız birindən yararlana bildim”.
Liepaya klubunun baş məşqçisi Dmitri Kalaşnikov son dövrlər yığmamızın hücumçusuna daha çox güvənməyə başlayıb. Əsgərov bu barədə aşağıdakıları dilə gətirib: “Ümid edirəm ki, baş məşqçimiz qarşıdakı oyunlarda mənə daha çox güvənəcək. Mən hətta oyun təcrübəsini itirməmək üçün əvəzedici komandaya göndərilməyimi xahiş etdim. Amma o, razılaşmadı. Bildirdi ki, əvəzedici heyəti unutmalıyam. Yəqin ki, əsas heyətdə lazımlı olduğumu düşünür”.
“Metallurg” Avroliqanın ikinci təsnifat mərhələsində Polşanın “Legia” klubu ilə qarşılaşacaq. Vüqar növbəti rəqiblərini belə dəyərləndirib: “Biz “Legia”nı da keçmək istəyirik. Prezidentimiz deyir ki, rəqib tam keçiləsi komandadı. Baxmayaraq ki, Polşa çempionatı Latviya birincili ilə müqayisədə daha güclüdü. Düzdü, onlar favoritdilər. Amma biz də sona kimi mübarizə aparacağıq”.
Millimizin 27 yaşlı forvardı “Legia” ilə Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”a rəqib olan digər Polşa klubu “Lech”i müqayisə edib: “Çox təəssüf ki, “Bakı” “Mura” səddini keçə bilmədi. Halbuki, komandamız onları sakitcə məğlub edə bilərdi. “Xəzər Lənkəran”a gəlincə, onlar da Polşa klubu ilə oynayacaqlar. Fikrimcə, “Legia” “Lech”dən daha güclüdü. Bizim rəqibimiz son mövsümdə üçüncü yeri tutub. Poznan klubu isə beşinci olub. Yəqin ki, belə bir komandaya qarşı oynamaq asan olmayacaq”.
