14 iyul 2012 11:26
İnter və Neftçi: mərhələ adla, mərkəzi arenanın açılışını et!
Yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionu avrokubok oyunlarını elə bu mövsümdən etibarən qəbul edə bilər. Bu barədə azerisport.az saytına müsahibəsində arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, artıq gələn həftə mərkəzi arenanın açılışı olacaq. Ayın sonunda isə FİFA Azərbaycana xüsusi komissiya göndərəcək. Bu komissiya arenanın müasir tələblərə nə dərəcədə cavab verdiyini yoxlayıb, burda beynəlxalq oyunların keçirilməsinə dair xüsusi razılıq verəcək. Çünki qarşıdan FİFA U-17 qızlar arasında dünya çempionatı gəlir.
Lakin stadionun açılışı gözlənildiyi kimi, dünya çempionatı yox, daha tez baş tuta bilər. Baxmayaraq ki, burda da çox şey Azərbaycanın avrokuboklardakı təmsilçilərindən – “Neftçi” ilə “İnter”dən asılıdı. Məlum olduğu kimi, “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”si, “İnter” isə Avroliqanın eyni mərhələsində Yunanıstan “Asteras”ını mübarizədən kənarlaşdırmalıdı. Bu vəzifənin öhdəsindən gələcəkləri halda, sözügedən klublarımızdan biri avrokuboklardakı növbəti ev oyununu məhz mərkəzi arenada keçirə bilər. Belə bir şansı “Neftçi” əldə etsə, həmin açılış 31 iyul-1 avqust və ya 7-8 avqust tarixlərinə təsadüf edə bilər (ÇL-in üçüncü təsnifat mərhələsinin oyunları məhz həmin tarixlərdə keçiriləcək). “İnter” “Asteras”ı keçəcəyi halda isə, mərkəzi arenanın açılışı 2-9 avqust tarixlərindən birində baş tutacaq.
“Neftçi” “Zestafoni”ni keçəcəyi halda, daha bir şans əldə edəcək. Çünki növbəti mərhələdə uduzsa belə, komandamız Avroliqanın pley-off mərhələsində oynamaq şansı qazanacaq. Həmin oyunlar isə 23-30 avqust tarixlərinə təsadüf etməlidi. Ümid edək ki, ən böyük arenamızın yenidənqurmadan sonrakı açılışı məhz bu klublarımızın avrokuboklardakı möhtəşəm qələbəsi ilə üst-üstə düşəcək.
Sonda onu da bildirək ki, bu mövsüm avrokuboklarda daha bir təmilçimiz yoluna davam edir. Lakin "Xəzər Lənkəran" öz ev oyunlarını Lənkəran şəhər stadionunda keçirir. "Neftçi" və "İnter" isə "Dalğa Arena"nın xidmətindən yararlanmaq məcburiyyətində qalıb.
