17 iyul 2012 00:06
Neftçi üçün növbəti ÇL macərası başlayır
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də mübarizəyə məhz bu mərhələdən qoşulacaq.
Komandamız ilk cəhdində Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son iki mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Qeyd edək ki, “Zestafoni”nin baş məşqçisi yerli mütəxəssis – 32 yaşlı Georgi Çiabrişvilidi. Klubun prezidenti isə İlia Kokayadı.
“Zestafoni” ilk dəfə avrokuboklara 2007-2008 mövsümündə çıxıb. UEFA İntertoto Kubokunda çıxış edən komanda ilk mərhələdə Qazaxıstan “Tobol”una uduzaraq mübarizəni dayandırıb. Növbəti mövsüm UFEA Kubokunda yarışan komanda ilk mərhələdə Macarıstanın “Gyori ETO” klubuna yenilib. 2009-2010 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində Şimali İrlandiyanın “Lisburn” klubunu udan komanda növbəti mərhələdə İsveç “Helsingborg”una uduzub.
2010-2011 mövsümündə Avropa Liqasında “Zestafoni” San Marinonun “Faetano” və Slovakiyanın “Dukla” klublarını məğlub etsə də, üçüncü mərhələdə Ukrayanın “Karpatı” klubuna yenilib. 2011-2012 mövsümündə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan komanda ilk oyunda Moldova “Dacia”sını mübarizədən kənarlaşdırıb, ardınca Avstriya “Şturm”una uduzub. Burdan birbaşa Avropa Liqasının pley-off mərhələsinə düşən komanda “Brügge” ilə qarşılaşıb. Gürcüstandakı oyun 3:3 hesabı ilə bitib, səfər matçını “Brügge” üstün olub – 2:0.
“Zestafoni”nin heyətində cəmi bir legioner var. Bu, 19 yaşlı nigeriyalı hücumçu Abayomi Ovonikokodu. Komandanın bəzi futbolçuları Gürcüstan yığmasında oynayır, bəziləri isə əvvəllər oynayıb. Heyətdə Premyer Liqamızın xeyli sabiq iştirakçıları da var. Belə ki, “Zestafoni”nin bəzi üzvləri vaxtı ilə ölkəmizdə çıxış edib. Zurab Mamaladze və Tornike Aptsiauri “Qəbələ”nin, Teymuraz Qonqadze “Simurq”un formasını geyinib. Klubun idman direktoru Mixail Xutsişvili isə Premyer Liqamızda “Kəpəz” və AZAL-ın uğurları üçün çalışıb.
“Zestafoni”nin bütövlükdə ÇL üçün iştirak ərizəsi aşağıdakı kimidi:
Qapıçılar: 12. Zurab Mamaladze, 89. Roin Kvasxvadze, 90. Kaxaber Meşveliani;
Müdafiəçilər: 2. Teymuraz Qonqadze, 3. Tornike Qriqalaşvili, 4. Edik Sacaya, 5. Mamuka Kobaxidze, 6. Tedore Qriqalaşvili, 20. Zaal Eliava, 30, Malxaz Qaqoşidze, 33. Georgi Kaçkaçişvili;
Yarımmüdafiəçilər: 7. David Rajamaşvili, 8. Şota Babunaşvili, 9. Tornike Qorqiaşvili, 13. Aleks Benaşvili, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 21. Mişiko Sardalişvili, 27. Luka Ququçiya, 28. Guram Samuşiya, 55. Tornike Aptsiauri;
Hücumçular: 10. David Muciri, 11. Jaba Dvali, 80. Abalomi Ovonikoko.
Heyətinə nəzər saldıqda, rəqib o qədər də qorxulu təsir bağışlamır. Yəni düşünmək olar ki, daha güclü heyətə malik “Neftçi” bu rəqibini asanlıqla mübarizədən kənarlaşdıracaq. Amma əslində Gürcüstan çempionunun çox böyük üstünlüyü var. Bu da qonşu ölkə təmsilçisinin düz dörd ildi bu heyətlə mübarizə aparmasıdı. Belə olan halda anlaşma səviyyəsinin nə dərəcədə yüksək olduğunu və nə qədər fayda verdiyini ən azı son illərdə “Qarabağ”ın timsalında biz də görmüşük. Deməli, “Neftçi” bu komandadan ən azı oyun keyfiyyətinə görə çəkinə bilər.
Lakin buna baxmayaraq, “Neftçi” bu rəqibini keçməyə borcludu. Ona görə yox ki, rəqibi Azərbaycan çempionundan qat-qat zəifdi. Sadəcə, “Neftçi” üçün püşkatma zamanı düşə biləcəyi ən zəif komanda məhz “Zestafoni” idi. Deməli, komandamız bəxtin üzünə gülməsindən maksimum yararlanmalıdı. Üstəlik, bu rəqibini keçəcəyi halda Böyükağa Hacıyevin komandası daha bir əlavə üstünlük qazanacaq. Belə ki, “Neftçi” ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olsa da, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq fürsəti əldə edəcək. Belə bir tarixi fürsəti dəyərləndirməmək isə günah olardı.
Bu yolda hər şeyə elə ilk oyunda Bakıda aydınlıq gətirilməsi daha vacib əhəmiyyət daşıyır. Çünki “Zestafoni” doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də “ağ-qaralar” qol buraxmamaq şərtilə rəqibinə mümkün qədər çox qol vurmalıdı. 2 və ya daha çox qolla qalib gələcəyi halda, “Neftçi”nin mərhələ adlamaq şansının yüksək olacağını indidən proqnozlaşdırmaq olar.
Lakin paytaxt təmsilçisinin mümkün uğursuzluğundan ehtiyatlananlar da var. Məsələ burasındadı ki, komandamız son mövsüm başa çatan kimi xeyli əsas heyət oyunçusu ilə yollarını ayırdı. Düzdü, onların əvəzinə yeni futbolçular alınıb. Onların səviyyəli oyunçular olduğu iddia edilsə də, istənilən halda yeni transfer olunanların uyğunlaşması üçün müəyyən vaxta ehtiyac duyulur. Bu baxımdan da “Neftçi”nin hansısa problemlərlə üzləşməsi mümkündü. Amma ümid edək ki, bütün bu dəyişikliklər “ağ-qaralar”ın mərhələ adlamasına problem yaratmayacaq.
Eyni zamanda komandamızın heyətində bəzi kadr problemləri də var. Belə ki, ötən avrokuboklar mövsümündən zədəli olan Rodriqinyo düz bir ildi ki, komandasına kömək edə bilmir. Onun məhz bu avrokuboklar mövsümündən etibarən sıraya dönüşü proqnozlaşdırılsa da, həkimlər hələ də braziliyalı yarıımmüdafiəçinin hazır olmadığını deyirlər. Bu azmış kimi, komandanın və Premyer Liqamızın bombardiri Bahodir Nasimov da zədəlidi. Onun da “Zestafoni” ilə görüşlərdə forma geyməsi inandırıcı görünmür. Son günlərdə isə baş məşqçi Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu üzdən oyun ərəfəsində mətbuat konfransı da keçirə bilməyən mütəxəssisin komandanə “Zestafoni” ilə görüşə çıxarması da sual altındadı. Belə olan halda onu köməkçisi Tərlan Əhmədov əvəzləyəcək.
“Neftçi”nin ÇL üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Rauf Mehdiyev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
21:00. NEFTÇİ – ZESTAFONİ
Hakimlər: İonut Marius Avram, Miklos İstvan Naqi, Sebastyan George, Draqos İstrate (hamısı Rumıniya).
Hakim-inspektor: Viktor Mintoff (Malta).
