17 iyul 2012 16:51
Xəzər Lənkəran üçün Lechin seriyasına son qoymaq şansı
“Xəzər Lənkəran” Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı Polşanın “Lech” klubunun maraqlı seriyasına son qoya bilər. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisi indiyə qədər artıq üç dəfə Azərbaycan klubları ilə avrokuboklarda üz-üzə gəlib.
Maraqlıdı ki, Polşa təmsilçisi hər üç halda klublarımızla ilk oyununu səfərdə keçirib. 2005-ci ildə “Karvan”ı 2:1, 2008-ci ildə məhz “Xəzər Lənkəran”ı (1:0), 2010-cu ildə isə “İnter”i (1:0) səfərdə yenən poznanlılar indi yenə Azərbaycan təmsilçisinə qarşı ilk oyununu rəqib meydanında keçirməlidi. Ümid edək ki, “ağ-yaşıllar” klublarımızın qəniminə çevrilən “Lech”in bu seriyasını qıracaq və rəqibini Polşaya məğlub yola salacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lech” oyunu iyulun 19-da keçiriləcək.
