17 iyul 2012 17:45
Qəbələdə şok istefa
Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaş istefa verib. Azerisport.az xəbər verir ki, 2008-ci ilin noyabr ayından etibarən akademiyaya rəhbərlik edən məşhur türkiyəli mütəxəssis gözlənilmədən klubdakı fəaliyyətini başa vurub.
Ailəvi problemlərini əsas gətirən Ə.Yavaşın istefası bu gün klub rəhbərliyi tərəfindən qəbul olunub. Azərbaycana gələrək kollektivlə vidalaşan mütəxəssis açıqlamasında bunları deyib:
“Qəbələ”də keçirdiyim 4 il mənim üçün çox xoş oldu. Klubun akademiyasını qurduq, uşaq futbolda xeyli yeniliklər etdik, müəyyən uğurlar qazandıq. Artıq akademiya ölkənin ən yaxşılarından birinə çevrilib. Təsadüfi deyil ki, aşağı yaş qrupları üzrə yığmalara ən çox futbolçu verən məhz bizim klubdur. İnanıram ki, “Qəbələ” Futbol Klubu tutduğu düzgün yola bundan sonra daha sürətlə davam edəcək və daha böyük uğurlar qazanacaq. Mən isə klubdan ayrılmaq məcburiyyətindəyəm. Mənim üçün nə qədər çətin olsa da, artıq Türkiyəyə qayıtmağın vaxtı çatdığını düşünürəm. Ailəvi problemlərim ucbatından çox sevdiyim Qəbələ və Azərbaycandan ayrılmalı oldum. İstefamı qəbul etdiyi və məni anlayışla qarşıladığı üçün klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, akademiya direktoru istefa versə də, onunla birlikdə ölkəmizə gələn məşqçilər heyəti – Halim Fıçıcı, Rəcəp Yazıcı və Uğur Kurt işlərinə davam edəcəklər. Ə.Yavaş onlara da uğurlar arzulayıb:
“Mən ayrılsam da, komandam burdadı. Onlara uğurlar arzu edir və birlikdə başladığımız işi yüksək səviyyədə başa çatdıracaqlarına inanıram. Mən də mümkün qədər bu yolda klubumuza əlimdən gələn köməyi göstərməyə davam edəcəyəm. Mümkün olduğu qədər Qəbələyə gəlib-getməyə çalışacağam”.
“Qəbələ” də öz növbəsində Əli Yavaşa 4 illik fəaliyyəti üçün təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
