18 iyul 2012 02:12
Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununu idarə etdilər
Azərbaycanlı hakimlər Çempionlar Liqasında oyun idarə ediblər. Azerisport.az xəbər verir ki, Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası “Dudelange” (Lüksemburq) – “Salzburg” (Avstriya) oyununda ədaləti qoruyub.
Qarşılaşma sürpriz hesabla başa çatıb. Belə ki, Lüksemburq klubu adlı-sanlı “Salzburq”u 1:0 hesabı ilə yenib. Matçın yeganə qoluna 75-ci dəqiqədə Yoahim imza atıb.
Anar Salmanov “Salzburg”un bir oyunçusunu meydandan qovub. Belə ki, 53-cü dəqiqədə meydana çıxan Conatan Sorianoya 77 və 90-cı dəqiqələrdə sarı vərəqə göstərən referi onu meydandan kənarlaşdırıb. Bütövlükdə isə Salmanov meydan sahiblərindən 2, qonaqlardan 3 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, Anar Salmanova Mehman Mahmudovla Zeynal Zeynalov yardım edib. Matçın dördüncü hakimi isə Əliyar Ağayev olub.
