19 iyul 2012 00:04

Bakı və Lənkəran tarixi zəfər sorağında

Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublar da üçüncü mərhələyə adlamaq yolunda ilk addımlarını məhz bu gün atacaqlar.
 
Qeyd edək ki, cari mövsüm Avroliqada üç klubla təmsil olunsaq da, “Bakı” ilk cəhdində Sloveniya “Mura”sına məğlub olaraq, qitə səyahətini erkən başa vurdu. Lakin ilk mərhələni uğurla adlayan “Xəzər Lənkəran”la “İnter” yoluna davam etməkdədi. Bu komandalarımız ilk cəhdində Estoniya təmsilçilərinə qalib gəldilər. “Ağ-yaşıllar” “Nomme Kalju” (2:2, 2:0), “bankirlər” isə “Trans” üzərində (5:0, 2:0) zəfər qazandı.
 
Bu dəfə isə komandalarımızı daha ciddi sınaq gözləyir. Avroliqaya Premyer Liqamızın gümüş mükafatçısı kimi vəsiqə qazanan “Xəzər Lənkəran”ı Polşa “Lech”i, bürünc medalçımız olan “İnter” isə Yunanıstanın “Asteras” komandasıyla mübarizə aparmalıdı. Təmsilçilərimizin hər ikisi bu rəqibləriylə ilk oyunu doğma meydanda keçirir. Bu, müəyyən qədər rəqib komandaların işinə daha çox yarayır. Çünki onlar cütün taleyini məhz evdə həll etmək şansına malik olacaqlar. Amma komandalarımız ilk oyunun doğma divarlar arasında keçirilməsindən maksimum yararlanıb, cavab görüşünün səfərdə keçirilməsinin riskini azalda da bilərlər. Necə ki, Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” Gürcüstan “Zestafoni”si ilə ilk qarşılaşmada 3:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə çıxmaq yolunda önəmli bir addım atmış oldu. Hər halda belə qələbədən sonra rəqib komandanın cavab görüşünü evdə keçirməsi elə də ciddi üstünlük qazandırmır. Ümid edək ki, “İnter”lə “Xəzər Lənkəran” da rəqiblərinin bu üstünlüyündən yararlanmaq şansını heçə endirməyi bacaracaq.
 
Qeyd edək ki, “Asteras”la müqayisədə, “Lech” Azərbaycan klubları üçün daha tanış rəqibdi. Bu komanda indiyədək rəsmi turnirlərdə üç dəfə klublarımıza rəqib olub. “Karvan”, “Xəzər Lənkəran” və “İnter”i sınağa çəkmiş Poznan təmsilçisi hər üç halda güclü çıxıb. Püşk bu komandanı ilk dəfə 2005-ci ilin yayında “Karvan”ın qarşısına çıxarıb. Bakıdakı oyunda “Lech” 2:1, Polşadakı matçda 2:0 hesablı qələbə qazanıb. 2008-2009 mövsümündə UEFA Kubokunun birinci təsnifat mərhələsində bu dəfə “Lech” “Xəzər Lənkəran”a rəqib olub. “Bakı”dakı oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. Polşadakı qarşılaşma isə daha böyükhesabla nəticələnib – 4:1. 2010-2011 mövsümündə isə “Lech” Çempionlar Liqasında “İnter”ə rəqbi olub. Bakıdakı oyunda “Lech”, Poznandakı matçda “İnter” 1:0 hesablı qələbə qazanıb. Cavab matçının əlavə vaxtında da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Tərəflər hərəyə 9 dəfə penalti vurub. “Lech” 2, “İnter” 3 dəfə zərbəni qeyri-dəqiq yerinə yetirdiyindən mərhələ adlayan tərəf Polşa təmsilçisi olub.
 
Yeri gəlmişkən qeyd edək ki, “Xəzər Lənkəran” ikinci dəfə yoluna çıxan “Lech”in seriyasına da son qoya bilər. Belə ki, Polşa təmsilçisi mübarizədən kənarlaşdırdığı klublarımızla hər üç halda ilk oyununu səfərdə keçirib. 2005-ci ildə “Karvan”ı 2:1, 2008-ci ildə məhz “Xəzər Lənkəran”ı (1:0), 2010-cu ildə isə “İnter”i (1:0) səfərdə yenən poznanlılar indi yenə Azərbaycan təmsilçisinə qarşı ilk oyununu rəqib meydanında keçirir. Ümid edək ki, “ağ-yaşıllar” klublarımızın qəniminə çevrilən “Lech”in bu seriyasını qıracaq və rəqibini Polşaya məğlub yola salacaq.
 
“Asteras”a gəlincə, bu komanda son mövsümdə Yunanıstan Super Liqasının altıncı pillədə başa vurub. Bu komandanın avrokubok təcrübəsi yoxdu. Belə ki, Tripolis şəhərinin təmsilçisi qitə miqyaslı turnirlərdəki tarixi matçına məhz Bakıda çıxacaq. Güclü komanda olmasına baxmayaraq, məhz avrokubok təcrübəsinin olmaması komandamızın işini asanlaşdıra bilər. Təsadüfi deyil ki, “İnter” ilk oyunda favorit hesab olunur. Amma “bankirlər”lə müqayisədə “Xəzər Lənkəran”ın “Lech”lə qarşılaşmadakı şanslarını bukmekerlər də aşağı qiymətləndirirlər.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də müsbət təsir göstərir. Belə ki, klublarımızın hər qələbəsi ölkəmizə 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə 0,125 xal verir. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 35-cidi və hesabında 6.791 reytinq xalı var ki, onun da 1.250-si cari mövsümdə qazanılıb. Bundan 0,500 xal “İnter”in, 0,375 xal “Xəzər Lənkəran”ın, 0,250-si “Neftçi”nin, qalanı isə “Bakı”nın (0,125) payına düşür.
 
Avroliqadakı klublarımızın iştirak ərizələrini də təqdim edirik. “İnter” bu turnirdə 21, “Xəzər Lənkəran” isə 19 futbolçu ilə mübarizə aparır. Komandalarımızın ikinci təsnifat mərhələsinə qədər heyətlərinə yeni qatmaq fürsətləri olsa da, onlar bu imkandan uğurlu yararlana bilmədilər. Bu mənada yalnız "İnter"in Haynts Barmettleri iştirak ərizəsinə daxil etməsi qeyd oluna bilər.
 
İNTER
Qapıçılar: Georgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze;
Müdafiəçilər: Brüs Abdulaye, Valeri Abramidze, Ruslan Əmircanov, İlia Kandelaki, Vladimir Levin, Haynts Barmettler;
Yarımmüdafiəçilər: Arif Daşdəmirov, Daniel Genov, Nizami Hacıyev, Slavço Georgiyevski, Asif Məmmədov, Asif Mirili, İbrahima Niasse;
Hücumçular: George Adamiya, Tales Şütz, Baçana Tsxadadze, Samir Zərgərov, Petar Zlatinov;
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
XƏZƏR LƏNKƏRAN
Qapıçılar: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı;
Müdafiəçilər: Ruslan Abışov, Elnur Allahverdiyev, Eder Bonfim, Manuel Skarlatake, Radomir Todorov;
Yarımmüdafiəçilər: Elnur Abdullayev, Kamran Abdullazadə, Robert Alviz, Rahid Əmirquliyev, Alim Qurbanov, Adrian Pit, Rikardo Qomeş, Akif Tağıyev, Sadio Tounkara;
Hücumçular: Rendal Brenes, Branimir Subaşiç;
Baş məşqçi: Yunis Hüseynov.
 
Avropa Liqası
2-ci təsnifat mərhələsi (ilk oyun)
19 iyul
 
20:00. XƏZƏR LƏNKƏRAN – LECH
Baş hakim: Robert Şerqenhofer (Avstriya).
Lənkəran. Şəhər stadionu.
 
21:00. İNTER – ASTERAS
Baş hakim: Mihay Fabian (Macarıstan).
Bakı. "Dalğa Arena".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.