20 iyul 2012 16:04
Neftçinin potensial rəqibi doğma stadionundan yararlana bilmir
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibi – İsrailin “Hapoel” (Kiryat Şmona) klubu öz rəqiblərini doğma stadionunda qəbul edə bilmir. Azerisport.az xəbər verir ki, şəhər stadionu UEFA-nın tələblərinə cavab vermir.
Buna görə İsrail klubu ikinci təsnifat mərhələsində Slovakiya “Jilina”sı ilə cavab görüşünü öz stadionunda yox, Hayfada keçirəcək. Elə növbəti mərhələyə adlayacağı halda da İsrail klubu “Neftçi” və ya “Zestafoni”ni Hayfadakı arenada qəbul etməli olacaq.
Qeyd edək ki, “Hapoel”lə “Jilina” arasındakı ilk oyunda slovaklar 1:0 hesabıyla üstün olublar. “Neftçi” isə “Zestafoni”dən 3:0 üstün olub. Komandalar cavab görüşlərini iyulun 24-də keçirəcəklər.
