20 iyul 2012 18:02
Georgi Adamiya: Bakıda heç-heçə etmək dünyanın sonu deyil
“İnter”in yarımmüdafiəçisi Georgi Adamiya Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstan “Asteras”ına qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Belə rəqiblə qarşılaşma asan ola bilməzdi. Yunanlar bizim oyun üslubumuzu yaxşı öyrənmişdilər. Ümumiyyətlə, “Asteras” xoş təsir bağışladı. Ağır oyun oldu”.
Gürcü futbolçunun sözlərinə görə yunanlar buraxdıqları qoldan sonra daha da fəallaşdılar: “Biz hesabı açdıqdan sonra onlar hücumda daha da fəallaşmağa başladılar. Nəticədə də qol vurmağı bacardılar. Mən deməzdim ki, evdə 1:1 hesablı heç-heçə dünyanın sonudu. Qarşıda hələ cavab oyunu da var”.
Adamiya birinci və ikinci hissəyə fərqli tapşırıqla çıxdıqlarını deyir: “Futbolda hərdən belə də olur. Heç də hər şey istədiyin kimi getmir. Fikrimcə, biz özümüz işimizi çətinə saldıq. Lakin 1:1-ə görə ruhdan düşməyə dəyməz. Səfərdə müsbət nəticəyə imza atacağıq. Mütləq qələbə qazanmaq lazım gələcək”.
Adamiya ötən gün digər Azərbaycan təmsilçisinin – “Xəzər Lənkəran”ın da Polşa “Lech”i ilə oxşar heç-heçəyə imza atmasına toxunub: “Yenə deyirəm ki, evdə qeydə alınan heç-heçəyə görə ruhdan düşmək lazım deyil. Cavab oyununda lənkəranlılara da, özümüzə də uğurlar arzulayıram”.
