21 iyul 2012 13:48
Sakis Tsiolis: İnteri necə keçəcəyimizi bilirik
Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakit Tsiolis ölkə mətbuatına müsahibəsində Avropa Liqasının ikinci təsnifat mərhələsinin Bakı “İnter”i ilə ilk oyunu (1:1) barədə danışıb, cavab oyunundakı şanslarını dəyərləndirib, eləcə də üçüncü təsnifat mərhələsinin püşkünə dair fikirlərini açıqlayıb. Azerisport.az həmin açıqlamalarla sizi də tanış edir.
İlk oyun barədə: “Bu, bizim avrokuboklardakı debüt oyunumuz idi. Məncə beynəlxalq arenadakı ilk oyunumuzun nəticəsindən razı qalmalıyıq. Hər halda belə bir oyunda səfərdə qol vurmaq vəzifəsinin öhdəsindən gələ bildik və uduzmadıq. Biz hətta qələbə də qazana bilərdik. Təbii ki, Navarro son dəqiqələrdə əla şansı qaçırmasaydı. Amma bu nəticədən də razı qalmaq lazımdı. “İnter” bizim üçün naməlum rəqib idi. Onlar özlərini yaxşı tərəfdən göstərdilər. Bakı klubu varlıdı, yaxşı stadionu var (Qeyd edək ki, yunanlar AFFA-nın balansında olan “Dalğa Arena”nın “İnter”ə məxsus olduğunu düşünürlər – azerisport.az). Lakin biz də onlara qarşı yaxşı oynadıq”.
Cavab oyunu barədə: “Biz evdə özümüzün ən yaxşı oyunumuzu göstərməliyik. Nə istədiyimizi və buna necə nail olacağımızı bilirik. Səfərdəki heç-heçədən sonra biz favorit sayıla bilərik. Lakin ehtiyatlı olmaq lazımdı. 0:0 üçün oynamaq olmaz. “İnter”də yaxşı ifaçılar var və onlar hər an qol vura bilərlər”.
Avrokuboklardakı hədəfləri barədə: “Bizim hədəfimiz mümkün qədər irəli getməkdi. Hazırda şəhərimiz böhrandan əziyyət çəkir. Biz azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməliyik”.
Yeni mövsümə hazırlıq və transferlər barədə: “Başa düşürük ki, yeni mövsümə də hazırlaşmaq lazımdı. Buna görə də Avropa Liqasının gedişi zamanı heyətimizi də möhkəmləndirməyə çalışırıq. Şankar - Pulidisə əla əvəzedicidi. O, bizim müdafiəmizi gücləndirə bilər, oyunumuza bir qədər də intizam qatacaq gücdədi. Biz həmçinin yeni qapıçı Fulopla da müqavilə bağlamışıq. Kifayət qədər yüksək səviyyəli oyunçudu. O da bizə kömək edəcək”.
