21 iyul 2012 00:26
Neftçi və Azərbaycan futbolu üçün tarixi şans
Ötən gün “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu ilk oyunda 3:0 hesabı ilə yendiyi Gürcüstanın “Zestafoni” klubunu keçəcəyi halda, “Jilina” (Slovakiya) – “Hapoel” (Şmona, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komandalar iyulun 17-də Slovakiyada qarşılaşıblar. Oyun “Jilina”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 82-ci dəqiqədə Yozef Pyaçek imza atıb.
“Jilina” 1908-ci ildə yaradılıb, lakin qeydiyyata bir il sonra alınıb. “Jilina”nı azarkeşləri “Şoşoni” adlandırır. Bu eyniadlı qəbilənin adından götürülüb. Jilina şəhərini təmsil edən 104 yaşlı klub 1993-cü ildə müstəqil Slovakiyanın çempionatı yaradıldığı gündən burda çıxış edir.
“Jilina” ev oyunlarını 11200 azarkeş tutumu olan “Dubnom” stadionunda keçirir. Komandaya Frans Adelaar başçılıq edir. 51 yaşlı holland mütəxəssis bu ildən komandanın başındadı. O, əvvəllər Hollandiyanın GVVV, “Utrecht”, “De Qraafshap”, “Den Haag”, “Volendam”, “Sparta” və Yunanıstanın “Akratitos” klublarını çalışdırıb.
“Jilina” tarixində iki dəfə avrokubokların qrup mərhələsində iştirak edib. 2008-2009 mövsümündə UEFA Kubokunu qrupuna düşən komanda Praqa “Slaviya”sını qabaqlayaraq 4-cü pilləni tutub. 2010-2011 mövsümündə isə “Jilina” Çempionlar Liqasının qrupunda çıxış edib. Lakin burda “Chelsea”, “Marsel” və Moskva “Spartak”ından geri qalaraq sonuncu olub.
“Jilina” avrokuboklarda Azərbaycan klublarından da birinə rəqib olub. Belə ki, Slovakiya klubu 2005/06 mövsümündə UEFA Kubokunun birinci təsnifat mərhələsində “Bakı” ilə qarşılaşıb. Bakıdakı oyunda komandamız 1:0 hesablı qələbə qazanıb, Slovakiyada isə “Jilina” qələbəyə sevinib – 3:1.
“Jilina” tarixi ərzində 6 dəfə Slovakiya çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub. “Jilina”da Qambiya və Portuqaliyadan 2, Toqo, Peru, Benin və Kamerundan 1 legioner çıxış edir.
“Hapoel” klubu isə 2000-ci ildə yaradılıb. Komanda ev oyunlarını Kiryat Şmonadakı 5300 azarkeş tutumlu “Municipal” stadionuda keçirir.
Komandanın baş məşqçisi Gili Landaudu. Bu ildən komandaya başçılıq edən 54 yaşlı israilli mütəxəssis əvvəllər İsrailin müxtəlif klublarında çalışıb.
İroni Kiryat klubu bundan əvvəl cəmi bir dəfə avrokuboklarda iştirak edib. 2008-2009 mövsümündə UEFA Kubokunda çıxış edən komanda birinci təsnifat mərhələsində Çernoqoriyanın “Mogren” klubunu mübarizədən kənarlaşdırsa da (1:1, 3:0), ardınca Bolqarıstanın “Litex” klubuna yenilib (0:0, 1:2).
“Hapoel” tarixi ərzində cəmi bir dəfə ölkə çempionu olub. Komanda başa çatan mövsümdə Təl-Əviv “Hapoel”ini 14 xal geridə qoyaraq çempionluğu bayram edib.
Komandanın heyətində 3 legioner forma geyinir. Bunlar makedoniyalı Darko Tasevski, amerikalı Brian Qerziciç və serb Duşan Matoviçdi.
Göründüyü kimi, bu klublar güclü rəqiblər olsalar da, hər halda Azərbaycan çempionunun potensial rəqibləri arasından çıxan ən münasib komandalardı. Bu mənada “Zestafoni”də olduğu kimi, növbəti mərhələnin püşkündə də Azərbaycan çempionunun bəxtini gətirdiyini demək olar. Bu isə “Neftçi” üçün çox böyük bir şans yaradıb. Təbii ki, söhbət avrokuboklar tariximizdə ilk dəfə qrup mərhələsinə düşməkdən gedir.
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsini adlayıb, üçüncüdə uduzan klublar Avroliqanın pley-off mərhələsində mübarizəni davam etdirmək fürsəti qazanırlar. ÇL-in üçüncü təsnifat mərhələsində uğur qazanıb, pley-off mərhələsində uduzan klublar isə birbaşa Avroliqanın qrup mərhələsinə düşürlər. Belədə, “Neftçi” üçün də çox böyük tarixi şans yaranıb. İndi qalır bu şansdan maksimum yararlanmaq.
Əgər xatırlayırsızsa, 2009-cu ildə “Bakı” da belə bir şans qazanmışdı. O zaman Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün Qyoko Haciyevskinin çalışdırdığı komandamıza sadəcə Bolqarıstanın “Levski” klubunu iki oyunun cəminə görə üstələmək yetərli olacaqdı. Amma təəssüf ki, belə bir münasiblə qarşılaşmalarda uğur qazana bilmədik və böyük arzularımız reallaşmadı. Elə ardından Avroliqanın pley-off mərhələsində İsveçrə “Basel”i ilə duellərdə də heç bir möcüzə baş vermədi. Düzdü, Avroliqanın qrup mərhələsinin bir addımlığında daha iki dəfə dayanmışıq. Amma bu, “Qarabağ”ın elə Avroliqanın təsnifat mərhələsindəki ardıcıl uğurları sayəsində gerçəkləşib və pley-offda bir dəfə Hollandiya “Tvente”si, digərində isə Almaniya “Borussia”sı (Dortmund) Ağdam klubunun qruplara vəsiqə qazanmasına mane olub.
Düzdü, “Neftçi” “Jilina” və ya “Hapoel”i keçməsə də, Avroliqanın qrup mərhələsinə düşmək şansını saxlayacaq. Amma həmin pley-off oyunlarında da yeni “Tvente”lərin, “Borussia”ların, “Basel”lərin qarşımızı kəsməməsi üçün elə bütün gücümüzü ÇL-in üçüncü təsnifat mərhələsində qoyub, uğur qazanmaq daha məqsədəuyğun olardı. Özü də bu yolda ilk oyunun səfərdə keçrilməsi də komandamız üçün əlavə bir üstünlük kimi dəyəndirilə bilər. Hər halda səfərdə keçiriləcək ilk görüşdə səfrəli nəticə qazanıb, cütün taleyini doğma divarlar arasında, azarkeşlərin dəstəyi sayəsində həll etmək olar.
