21 iyul 2012 00:51
İnter üçün Avropada uğursuz rəqib
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “İnter”in ötən gün növbəti mərhələdəki potensial rəqibi müəyyənləşdi. Azerisport.az xəbər verir ki, Bakı klubu “Asteras” (Yunanıstan) səddini keçsə, Portuqaliyanın “Maritimo” klubu ilə qarşılaşacaq.
“Maritimo” klubu 1910-cu ildə yaradılıb. Komanda ev oyunlarını 8922 nəfər azarkeş tutumu olan Madeyradakı “Estadio dos Barreyros Funçal” stadionunda keçirir.
“Maritimo”nun baş məşqçisi Pedro Martinsdi. 42 yaşlı portuqaliyalı 2010-cu ildən komandanın başındadı. Martins əvvəllər Portuqaliyanın “Uniao Lamas”, “Lusitania”, “Espino” klublarına, həmçinin “Maritimo”nun B komandasına başçılıq edib.
“Maritimo” indiyədək avrokuboklarda 22 oyun keçirib. Bunlardan 10-da qələbə qazanan, 2-də heç-heçə edən komanda 10-da məğlub olub.
“Maritimo”nun avrokuboklardakı ən uğurlu çıxışı 2010-2011 mövsümündə olub. Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyən komanda burda BATE-yə uduzaraq mübarizəni dayandırıb. Bundan başqa 6 dəfə UEFA Kubokuna qatılan “Maritimo” ən yaxşı halda 1 mərhələ keçə bilib.
“Maritimo”nun heyətində Portuqaliya ilə yanaşı, Braziliya, Kamerun, Nigeriya, Kape Verde, Fransa və Qvineya-Bissaudan olan legionerlər çıxış edir.
