22 iyul 2012 14:44
Simurq 4 oyunçunu yola salıb, alman futbolçu çağırdı (FOTO)
Avstriyada yeni mövsümə hazırlıqları davam etdirən "Simurq" Peşəkar Futbol Klubu növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, ötən gün səhər saatlarında keçirilən idmanda "Dinamo Drezden"lə keçirilən matçın əsas heyət oyunçuları yüngül qaçış və isinmə hərəkətləri ilə hazırlığı tamamlayıb.
Digər oyunçular isə fiziki hərəkətlərdən sonra baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında taktiki tapşırıqlar üzərində işləyib. Bundan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verib.
Bu arada "Simurq"da baxışda olan hücumçu Miroslav Antonov, yarımmüdafiəçilər Daniel Peyev, Branislav Fodrek və Burkxard Marçin baş məşqçi Georgi Çixradze tərəfindən bəyənilməyərək geri göndərilib. Bununla yanaşı komandanın düşərgəsinə yeni futbolçu qoşulub. Yarımmüdafiəçi Simon Mensinq artıq “sarı-qaralarl”a ilk məşqinə də çıxıb.
Qeyd edək ki, 1982-ci ildə Almaniyada anadan olan bu futbolçu peşəkar karyerasına 2000-2002-ci ilərdə “Wimbledon”da başlayıb. Lakin o, bu komandanın əsas heyətində oyuna çıxmadan 2001-də icarə əsasında “Stenhousemuir”da (15 oyun, 1 qol), 2002-ci ildə isə “Clyde” klubunda (23 oyun, 1 qol) çıxış edib. Mövsümün sonunda tam olaraq “Clyde” klubuna transfer olunan futbolçu 2005-ci ilə qədər bu komandada daha 96 oyun keçirib, 4 qol vurub.
2005/07 mövsümlərində Mensinq “St. Johnstone” klubunda top qovub (62 oyun, 7 qol). Növbəti mövsümdə isə o, “Motherwell”də çıxış edib. Burda cəmi 2 oyuna çıxan futbolçu 2007/08-də “Hamilton”a icarəyə verilib. Burda keçirdiyi 5 oyunda 3 qola imza atan oyunçu 2008-ci ildə sözügedən klub tərəfindən tam olaraq alınıb. 2008-dən bəri “Hamilton”da daha 148 oyuna çıxan “Simurq”un yeni futbolçusu 24 qola imza atıb.
