22 iyul 2012 18:54
Litva millisinin hücumçusu rəsmən AZAL-da (FOTO)
AZAL Türkiyə toplanışı ilə yanaşı heyətini gücləndirməyə də davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu növbəti transferini rəsmiləşdirib.
Belə ki, “təyyarəçilər” Litva millisinin hücumçusu Andryus Velikça ilə müqavilə imzalayıblar. Onunla iki illik razılıq əldə olunub. Qeyd edək ki, futbolçu ötən gün “Qarabağ”la yoxlama matçında da sınaqdan keçirilmiş və 4:0 hesablı qələbəyə dublla töhvə vermişdi.
Maraq üçün bildirək ki, Veliçka 1979-cu ildə anadan olub. O, peşəkar karyerasına 1996-cı ildə “Kaunas”da başlayıb. 2008-ci ilə qədər bu komandada 166 oyuna çıxıb, 89 qola imza atıb. Amma 2002-ci ildə Rusiyanın “Anji” klubunda (5 oyun, 1 qol), 2003-cü ildə Qazaxıstanın “İrtış” klubunda (12 oyun), 2006-2008-ci illər aralığında isə Şotlandiyanın “Midlothian” klubunda icarə əsasında forma geyinib (47 oyun, 19 qol).
2008-ci ildə Veliçka “Viking”ə transfer olunub. Amma burda cəmi 18 oyun keçirdikdən (6 qol) sonra elə həmin il “Rangers”ə keçib. 2008-2011-ci illərdə bu komandada cəmi 8 oyun keçirib, 4 qol vuran futbolçu 2009-2010 mövsümünü icarə əsasında “Bristol City” klubuna keçib – (1 oyun). 2010-2011 mövsümündə onu “Aberdeen” icarəyə götürüb (6 oyun, 1 qol). AZAL-ın yeni forvardının son iş yeri isə “Ekranas” olub. O, bu komanda 43 oyuna 17 qol vurub.
1998-ci ildən bəri Litva millisinə çağırılan bu futbolçu yığmada 25 oyun keçirib, 2 qol vurub.
