22 iyul 2012 11:57
Azərbaycan çempionu Gürcüstana baş məşqçisiz gedir
Azərbaycan çempionu “Neftçi” Gürcüstana baş məşqçisiz gedir. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev hələ də həkim nəzarətində müalicəsinə davam edir.
Hələ “Zestafoni” ilə ilk oyunda da bu üzdən komandasının yanında olmayan təcrübəli mütəxəssisin sıraya dönüşü gecikir. Belədə “Neftçi” Zestafonidəki cavab qarşılaşmasına da baş məşqçisiz getməli olacaq. Onu bu dəfə də əsas köməkçisi Tərlan Əhmədov əvəzləyəcək. O, həm oyun öncəsi mətbuat konfransı keçirəcək, həm komandanı son məşqə, həm də oyuna çıxaracaq.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə iyulun 24-də “David Abaşidze” adına stadionda keçiriləcək və saat 22:00-da başlayacaq.
