22 iyul 2012 00:28
“Hədəf Baku Deportivonu Sequnda diviziona çıxarmaqdı”
Azərbaycanlı biznesmen, İspaniyanın “Baku Deportive Ellin” klubunun prezidenti Gülnarə Xanbabayeva mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, ispan jurnalistlərə açıqlamasında komandasının planlarından və hədəflərindən danışıb.
İspaniyanın üçüncü divizionu - Terseranın iştirakçısı olan klubun yeni rəhbərliyini ictimaiyyətə “Depotivo Ellin”in sabiq prezidenti Manuel Martines təqdim edib. Onların birgə iştirakı ilə baş tutan tədbirdə komandanın yeni adı da açıqlanıb. Xanbabayeva öncə bu klubun “Baku de Valencia” adlanacağını bəyan etsə də, sonda “Baku Depotivo Ellin” adına üstünlük verilib.
Martines çıxışında azərbaycanlı iş adamına bu kluba göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. O, həmçinin yeni layihəni “maraqlı və gözəl” adlandırıb: “Sağ olun ki, klubumuza yeni həyat verdiniz”.
Xanbabayeva isə öz növbəsində onlara bəslənilən ümidləri doğruldacaqlarına söz verib: “Biz əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi məyus etməyək. Mən Ellindəki ilk gündən komandaya sevgi hiss edirəm”.
“Baku Deportivo Ellin”in əsas hədəfi İspaniyanın ikinci liqasına – Sequndaya vəsiqə qazanmaqdı. Bizim biznesmenlər bu klubun əvvəlki rəhbərliyin dövründən qalma 120 min avroluq borcunu da ödəyiblər. “Koroleva Viktoria” otelində keçirilən mərasimdə komandanın yeni baş məşqçisi də təqdim olunub. Belə ki, yeni rəhbərliklə ortaq məxrəcə gələ bilməyən Xuan Posonu bundan sonra Okanya Xorxe əvəzləyəcək.
Okanya Xorxe də çıxışında komandanın uğurları üçün əlindən gələni edəcəyini söz verib. O, vaxtilə Ellində futbolçu kimi də oynadığını xatırladıb və yenidən doğma publika önünə qayıtmağın özü üçün xoş olduğunu dilə gətirib. O, azarkeşləri komandaya daha yaxından dəstək olmağa səsləyib.
