23 iyul 2012 13:54
İnterin rəqibi ispan vingerlə gücləndi
Yunanıstanın “Asteras” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin Bakı “İnter”i ilə cavab oyunu öncəsi heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Tripolis təmsilçisi sol cinah vingeri Alvaro Qarsiya ilə anlaşıb.
O, İspaniyanın üçüncü divizion təmsilçisi “Alkoyano”dan gəlib. Yunanıstan mətbuatının yazdığına görə, onunla tezliklə müqavilə imzalanacaq.
“Asteras” son günlərdə artıq seneqallı müdafiəçi Xalifu Şankar, eləcə də macar qapıçı Marton Fulopla müqavilə imzalayıb.
Qeyd edək ki, “İnter”lə “Asteras” arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
