23 iyul 2012 16:05
“İnterlə cavab oyununda bizim öz hədəflərimiz var”
Yunanıstanın “Asteras” klubunun müdafiəçisi Sebastyan Bartolini UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Biz ilk oyunda da göstərdik ki, iki komandanın oyun keyfiyyətləri arasında ciddi fərq yoxdu. Vacib olan odu ki, biz öz futbolumuzu sərgiləyə bildik. Qarşıda bizi daha çətin cavab oyunu gözləyir. Çünki hər şeyə məhz bu oyunda aydınlıq gələcək”.
Təcrübəli müdafiəçinin sözlərinə görə, onun komandasının bu oyun üçün xüsusi hədəfləri var: “Biz rəqibə uduzmaq istəmirik. Çünki bizim öz hədəflərimiz var. Növbəti mərhələyə adlamaq istəyirik. Bunun üçün minimum uduzmamağımız lazımdı. Hesab edirəm ki, ilk oyundakı heç-heçədən sonra bizim üçün çox yaxşı şans yaranıb. İndi qalır bu şansdan yararlanmaq”.
“Asteras”ın argentinalı legioneri “Asteras”ın avrokuboklarda təcrübəsiz olmasından da danışıb: “Avrokuboklardakı ilk oyunumuz həm müsbət nəticə ilə yekunlaşdı, həm də bizim üçün yaxşı bir təcrübə oldu. Fikrimcə, çox yaxşı nəticəyə nail olduq. Amma yekun nəticəni Tripolisdə müəyyənləşdirəcəyik”.
Bartolini həmçinin ilk oyunun keçirildiyi “Dalğa Arena”nın süni örtüklü olmasını da xatırlayıb: “Bakıdakı stadionda süni qazon üzərində oynadıq. Sirr deyil ki, süni və təbii örtüklü qazonlar üzərindəki oyunlar tamamilə fərqli olur. “Asteras Tripolis”də keçiriləcək cavab görüşünü fərqləndirən əsas məqamlardan da biri bu olmalıdı”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
