23 iyul 2012 16:36
Xəzər Lənkəranın sabiq üzvü özünə yeni klub tapdı
“Xəzər Lənkəran”ın yollarını ayırdığı daha bir futbolçunun yeni iş yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Elvin Beqiri karyerasını vətənində davam etdirəcək.
Alban müdafiəçi karyerasını “Vllaznia” klubunda davam etdirəcək. Bu komanda Elvin üçün üçün doğmadı. Belə ki, o, peşəkar futbolçu karyerasını “Vllaznia”da başlayıb. 1999-2003-cü illərdə bu komandada 83 oyun keçirib 6 qol vuran Beqiri 2008-2010-cu illərdə yenidən doğma klubuna qayıdıb – 48 oyun, 5 qol.
Beqiri 2010-cu ildə “Xəzər Lənkəran”a məhz “Vllaznia”dan gəlib. Ölkəmizdə 60 oyun keçirən mərkəz müdafiəçisi 4 qola imza atıb. Yunis Hüseynovun qərarı ilə “Xəzər Lənkəran”dan kənarlaşdırılan 31 yaşlı oyunçu Lənkəran klubundan və “Vllaznia”dan başqa Ukraynanın “Metallurq” (Donetsk), “Arsenal”, Rusiyanın “Alaniya” və İsrailin “Makkabi” (Təl Əviv) klublarında top qovub. O, Albaniya yığmasında 47 oyun keçirib.
