23 iyul 2012 17:59
Xəzər Lənkəranın Polşaya səfəri təxirə salındı
İyulun 26-da Avropa Liqasının ikinci təsnifat mərhələsində Poznanda yerli “Lech”in qonağı olacaq “Xəzər Lənkəran”ın Polşaya uçuşunda problem yaranıb. Azerisport.az xəbər verir ki, öncədən nəzərdə tutulan plana əsasən 15:00-da Heydər Əliyev adına Binə hava limanından Polşaya yola düşməli olan klubun uçuşu axşam saatlarına təxirə salınıb.
Amma maraqlıdı ki, uçuşun axşam saatlarında həyata keçiriləcəyinə dair vədlər də boşa çıxıb. Nəticədə bu səfər baş tutmayıb. Belədə “Xəzər Lənkəran”ın Polşaya səfəri sabaha qalıb. "Ağ-yaşıllar" səhər saat 8.00 radələrinədə çarter reysi ilə yola düşəcəklər. Təbii ki, növbəti problem yaranmasa...
Təxirə salınmanın səbəbi texniki problemlərlə əlaqələndirilir. Belə ki, komanda hələ öncədən çarter reysi sifariş versə də, həmin reysdə problem yaranıb və bunu vaxtında aradan qaldırmaq mümkün olmayıb.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.
