23 iyul 2012 00:18
“Cavab oyununda İnter də qol vurmağa çalışacaq”
Yunanıstanın “Asteras” klubunun kapitanı Savvas Tsaburis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma öncəsi Bakıdakı görüşü xatırlayıb.
“Fikrimcə, biz ilk oyunda layiqli nəticəyə imza atdıq. Cavab oyunu öncəsi belə bir nəticəyə imza atmaq, müsbət atmosferə nail olmaq bizim üçün çox vacib idi. Baxmayaraq ki, bizim çatışmazlıqlarımız da vardı. Start fitindən öncə də başa düşürdük ki, oyuna qoşulmaq üçün bizə azı 15 dəqiqə lazımdı”.
Yunan futbolçu həmçinin oyun ərəfəsində Bakıya uzun yolçuluğun yorğunluq yaratmasından da danışıb: “Əlbəttə, uzun yolçuluq həmişə yorğunluğa səbəb olur. Amma söhbət avrokubok oyunundan gedirsə, bütün yorğunluqlar ikinci plana keçir”.
“İnter”lə oyun “Asteras” üçün ilk avrokubok qarşılaşması oldu. Komandanın kapitanı bu tarixi məqama da xüsusi toxunub: “Əlbəttə, bu, bizim üçün yeni təcrübədi. Amma mən deməzdim ki, avrokuboklardakı debüt matçımızda hansısa həyəcan hiss edirdik. Sadəcə, başa düşürdük ki, qarşıda məğlub etməli olduğumuz rəqib var. Çünki növbəti mərhələyə keçmək üçün bu, çox vacibdi. Fikrimcə, cavab matçında rəqib komanda da qol vurmağa çalışacaq. Axı onlar da üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq istəyirlər”.
“Bakıya səfərimiz bizim üçün çətin keçsə də, çox gözəl təsir bağışladı. Əldə etdiyimiz müsbət nəticə bizi çox sevindirdi və bundan əsl həzz aldıq”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
