24 iyul 2012 14:01
Zestafoni - Neftçi matçı canlı yayımlanmayacaq
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün Gürcüstan çempionu “Zestafoni” ilə “Neftçi” arasında keçiriləcək cavab matçı canlı yayımlanmayacaq. Azerisport.az xəbər verir ki, oyun nəinki Azərbaycan, heç Gürcüstan telekanalları vasitəsi ilə də nümayiş etdirilməyəcək.
Qeyd edək ki, buna səbəb Gürcüstan klubunun cavab oyununun yayımına böyük məbləğdə qiymət qoymasıdı. Belə ki, “Zestafoni” rəhbərliyi bu oyun üçün 100 000 avro qiymət müəyyənləşdirib. Azərbaycandan bu oyunu yayımlamaq istəyən telekanallar bu məbləğdən 3-4 dəfə az pul ödəməyə hazır olduqlarını bildiriblər. Lakin gürcülər Azərbaycan tərəfinin şərtlərini qəbul etmək istəməyiblər. Nəticədə, “Neftçi”nin cavab oyununu izləmək şansımız olmayacaq.
Qeyd edək ki, “Neftçi” və “Zestafoni” arasında Bakıda baş tutan oyunda təmsilçimiz 3:0 hesablı qələbə qazanıb. Görünür, qonşu ölkə təmsilçisi artıq komandamızı mübarizədən kənarlaşdırmağın mümkünsüzlüyünü gördüyü üçün acığını bu yolla çıxmağa çalışır. Bu komandalar arasındakı cavab qarşılaşması bu gün - iyulun 24-də Zestafonidəki “David Abaşidze” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
