24 iyul 2012 17:26
Lechin baş məşqçisi: Bizdə onu əvəzləyəcək futbolçular var
Məlum olduğu kimi, Polşanın “Lech” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la cavab matçına ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, o, yarımmüdafiəçi Şimon Drevnyak Poznanda baş tutacaq qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Çünki o, Lənkəranda keçirilən ilk oyunda ikinci sarı – qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Bu üzdən də cəzalı olan oyunçu komandasının çıxışını tribunadan izləməli olacaq.
Poznan klubunun baş məşqçisi Mariuş Rumak isə Drevnyakın yoxluğunu komandası üçün böyük problem saymır: “Drevnyaksız bizə asan olmayacaq. Amma bizdə onu əvəz edə biləcək futbolçular var. Mən Şimonu günahlandıra bilmərəm. Həmin epizodda o, rəqib hücumunun qarşısını almağa borclu idi. Hakim isə ikinci sarı vərəqəni haqlı olaraq göstərdi”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.
