24 iyul 2012 18:14
Yunis Hüseynov: Xəzər Lənkəran 4-5 yeni futbolçu almalıdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, ehtiyat qüvvənin azlığından gileylənib:
“19 futbolçu Avropa Liqasının iştirak ərizəsi üçün çox azdı. Bu üzdən biz futbolçulara müəyyən istirahət vermək məcburiyyətində qalırıq. Çünki zədə problemi ilə də üzləşə bilərik. Fikrimcə, komandanın 4-5 yeni futbolçuya ehtiyacı var. Amma seçimdə ehtiyatlı olmaq lazımdı. Hansı legioner gəldi, onu transfer edə bilmərik”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.
