24 iyul 2012 11:18
İqor Mitreski: Biz rəqibə hörmətlə yanaşırıq
“Neftçi”nin müdafiəçisi İqor Mitreski UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Zestafonidə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz rəqibə hörmətlə yanaşırıq. Lakin ilk oyundan sonra 3:0-lıq üstünlüyümüz var. Hələ ilk oyuna çıxmamışdan öncə bilirdik ki, rəqibimiz yaxşı komandadır. İlk oyunda qeydə alınana nəticə də fikrimizi dəyişməyib. Bu matça da çox ciddi hazırlaşmışıq. Arxayınçılıqdan söhbət belə gedə bilməz. Azərbaycan çempionatı günü-gündən inkişaf edir. 2-3 il əvvəllə müqayisədə açıq-aşkar irəliləyiş nəzərə çarpır. Komandalar güclənir, infrastruktur yaxşılaşdırılır və bu da qazanılan nəticələrdə özünü biruzə verir”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə iyulun 24-də “David Abaşidze” adına stadionda keçiriləcək və saat 22:00-da başlayacaq.
