24 iyul 2012 23:24
Neftçinin ÇL-də növbəti rəqibi müəyyənləşdi (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olacaq "Neftçi"nin də növbəti rəqibi məhz bu gün bəlli olub.
Son Azərbaycan çempionu "Zestafoni" səddini keçəcəyi təqdirdə “Hapoel” (İroni Kiryat Şmona, İsrail) - "Jilina" (Slovakiya) cütünü qalibi ilə qarşılaşacaqdı. Slovakiyada baş tutan ilk görüşdə meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanmışdı. İsrail təmsilçisi isə doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağı bacarıb. İkinci hissədə vurulan 2 cavabsız qol bunun üçün yetərli olub.
Beləliklə, "Neftçi" növbəti mərhələdə məhz İsrail çempionu ilə qarşılaşacaq. Qeyd edək ki, "Neftçi" üçüncü təsnifat mərhələsinə yüksələcəyi təqdirdə (bu, artıq şübhə doğurmur) ilk matçını 31 iyul-1 avqust tarixləri arasında səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
24 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
HAPOEL (İroni Kiryat Şmona, İsrail) - JİLİNA (Slovakiya) - 2:0 (İlk oyun - 0:1)
Qollar: Abed, 71, Abihazira, 78.
