24 iyul 2012 00:17
Önsə Tsiolis, sonra Tsxadadze
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” və Azərbaycanın “İnter” klubu arasında cavab matçı öncəsi keçiriləcək mətbuat konfranslarının başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, jurnalistlərin suallarını öncə “Asteras”ın çalışdırıcısı Sakis Tsiolis cavablayacaq.
O, sabah saat 21:00-da mətbuat nümayəndələrinin qarşısına çıxacaq. Bundan yarım saat sonra isə “bankirlər”in baş məşqçisi Kaxaber Tsxadadze media əhli ilə görüşəcək.
Qeyd edək ki, komandamız görüşün keçiriləcəyi Tripolis şəhərinə bu gün yola düşəcək. "İnter" əvvəlcə çarter reysi ilə Yunanıstanın paytaxtı Afina şəhərinə yollanacaq, daha sonra avtobusla Tripolisə gedəcək.
Əlavə edək ki, "Asteras" - "İnter" matçı iyulun 26-da, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
