24 iyul 2012 00:28
Georgi Çiabraşvili: Biz Neftçidən daha güclüyük
Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiabraşvili UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Zestafonidə baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Biz Bakıda çox pis oyun sərgilədik. Belə hesabla uduzmaq çox üzücü idi. Təəssüf ki, vəziyyəti bu həddə çatdırdıq. Amma indi evdə daha yaxşı oynamağa borcluyuq. Komandama və azarkeşlərə ümidliyəm. Biz həmişə azarkeşlərimiz qarşısında yaxşı oynayırıq. Onların dəstəyi bizim oyunumuza təsirsiz ötüşmür. Onların sayəsində uğur qazanmalıyıq. Cavab oyununu intizarla gözləyirik”.
Gürcü mütəxəssis həmçinin yerli jurnalistlərin onları tənqid etməməsinə görə də təşəkkürlərini çatdırıb: “Sizin sayənizdə biz oyuna tam hazırıq. Sağ olun ki, bizi dəstəklədiniz”.
Çiabraşvilinin sözlərinə görə, ilk oyunda 0:3 uduzmasına rəğmən, “Zestafoni” “Neftçi”dən güclü komandadı: “Rəqibimizin çox yaxşı komanda olduğunu demək olar. Cavid İmamverdiyevi xüsusi qeyd edərdim. Gənc olmasına rəğmən, çox yaxşı yarımmüdafiəçidi. Amma komanda kimi “Zestafoni” “Neftçi”dən daha güclüdü”.
Sonda o, cavab görüşündən gözləntilərini də dilə gətirib: “Biz uzun müddətdi bir yerdə çıxış edirik. Cavab oyununda əsasən hücum edəcəyik, təcavüzkar futbol oynayacağıq. Demək olar ki, va-banka gedəcəyik. Çünki bizə böyük hesabla qələbə qazanmaq lazımdı. Başqa yolumuz yoxdu. Bizim hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə bu gün - iyulun 24-də “David Abaşidze” adına stadionda keçiriləcək və saat 22:00-da başlayacaq.
