24 iyul 2012 01:14
Zurab Mamaladze: Neftçi ilə oyunda möcüzəyə inanıram
Gürcüstan çempionu “Zestafoni”nin futbolçusu Zurab Mamaladze UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Zestafonidə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Hər şeydən öncə mən azarkeşlərimiz qarşısında üzr istəmək istəyirəm. Təəssüf ki, ilk oyunda hər şey bizim üçün çox pis başa çatdı. Amma uğur qazanacağımıza hələ də ümidimiz var. Bu hədəfimizə isə azarkeşlərsiz çatmaq mümkün deyil. Biz onlarla birlikdə olmaq və möcüzəyə imza atmaq istəyirik. Buna inanıram”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə bu gün - iyulun 24-də “David Abaşidze” adına stadionda keçiriləcək və saat 22:00-da başlayacaq.
