25 iyul 2012 16:04
Gürcülər Neftçinin avtobusunu 3 saat saxladıqdan sonra buraxdı
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi”nin avtobusu Gürcüstan – Azərbaycan sərhəddindən ölkəmizə buraxılmırdı. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi keçirilən “Zestafoni” – “Neftçi” matçını işıqlandırmaq üçün qonşu ölkəyə yollanmış azərbaycanlı jurnalistləri gətirməli olan paytaxt klubunun avtobusu sərhəddə saxlanılmışdı.
Lakin problem artıq yoluna qoyulub. Avtobus düz 3 saat sərhəddə saxlanıldıqdan sonra Azərbaycan tərəfə buraxılıb.
Maraq üçün bildirək ki, gürcülər ötən gün azərbaycanlı jurnalistlərin “David Abaşidze” stadionuna girməsinə də oxşar problemlər yaratmışdılar.
Komandamızın üzvləri isə Azərbaycana çarter reysi ilə qayıdıblar.
