25 iyul 2012 20:39
Mariuş Rumak: XL sabah tarix yaza bilər
Polşanın “Lech” klubunun baş məşqçisi Mariuş Rumak UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutacaq qarşılaşma ərəfəsində təşkil olunan mətbuat konfransında əvvəlcə bunları dilə gətirib:
“Cavab oyunu üçün əsas hədəfimiz qol buraxmamaqdı. Müdafiədə yaxşı oynamağa çalışmalıyıq. Əgər “Xəzər Lənkəran”a qol vursaq, onlar hücuma atılmaq məcburiyyətində qalacaqlar. Bu isə bizə ikinci qol imkanı yaradacaq. Bizim üçün bütün oyunlar eyni dərəcədə çətindi. Amma mütləq qələbə qazanmalıyıq”.
Rumak yerli jurnalistlərə açıqlamasında bildirib ki, “Lech”in gücünü çox şişirtməsinlər: “Lech” əvvəlki komanda deyil. Biz zəifləməsək də, fərqli komanda olmuşuq. Hər halda gücümüzü qarşıdakı oyun da göstərəcək. Başa düşürük ki, hamı bizdən qələbə gözləyir. Buna da nail olmalıyıq. Az səhv buraxmağa çalışacağıq. Baxmayaraq ki, hər kəsin səhvi olur”.
O, qapıçı Yasmin Buriçin oyununu da dəyərləndirib: “Son dövrlər qapıçımız o qədər də inamlı oyun sərgiləmir. Əgər o, bu oyunda da səhvə yol versə, bu, psixoloji cəhətdən işimizi çətinləşdirə bilər”.
“Lech”in baş məşqçisi “Xəzər Lənkəran”ın da əvvəlki ilə müqayisədə indi daha güclü olduğunu düşünür: “Mən artıq bu fərqi hiss etmişəm. Onlarla oynamaq indi daha çətindi. Hansı ki, elə “Lech”in ilk oyunda qələbə qazana bilməməsi də bunu göstərdi. Ola bilsin ki, “Xəzər Lənkəran” üçün zəif komanda təsiri bağışlayırıq. Kim necə istəyir, elə də düşünə bilər. Onlar qələbə qazanacaqlarını deyirlər. Əgər buna nail olsalar, tarix yazmış olacaqlar. İstənilən halda “Xəzər Lənkəran” çox çətin rəqibdi”.
Rumak etiraf edib ki, onun komandası ilk oyuna tam hazır olmayıb: “Bunun məntiqi nəticəsi kimi erkən qol da buraxdıq. Onlar çoxlu hücumlar təşkil edirdilər. Amma bizə cavab qolunu vurmaq nəsib oldu. Ondan sonra isə ikinci qolu buraxmamaq haqda düşünməyə başladıq. Çünki bu, çox vacib idi”.
“Lech”in baş məşqçisi sabah baş tutacaq oyunda hücum futbolu sərgiləyəcəklərini açıqlayıb: “Fikrimcə, ilk dəqiqələrdən hücuma atılacağıq. Əgər erkən qol vursaq, hər şeyin bizim istədiyimiz ssenari ilə gedəcəyinə əminəm. Amma hər şeyi oyun göstərəcək”.
“Xəzər Lənkəran”ın sol cinah yarımmüdafiəçisi Adrian Pitin onlar üçün nə dərəcədə təhlükəli olmasına dair suala isə Rumak zarafatla cavab verib: “Adrian Pit? Gəlin onu sağ cinaha qoyaq, görək orda necə oynayar” (gülür).
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.
