25 iyul 2012 21:05
Rafal Muravski: Favorit Lech olsa da, hər şey mümkündü
Polşanın “Lech” klubunun yarımmüdafiəçisi Rafal Muravski UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutacaq qarşılaşma ərəfəsində təşkil olunan mətbuat konfransında əvvəlcə bunları dilə gətirib:
“Çətin oyun olacaq. İlk oyunda heç-heçə qeydə alınsa da, komandamızın rəqibdən daha güclü olduğunu düşünürəm. Həmin oyun vaxtı Azərbaycanda da çox isti var idi. Ona görə də indiki vəziyyət fərqli deyil. Rəqib komandanın heyətində Branimir Subaşiç və Adrian Pit kimi yaxşı futbolçular var. Elə digərləri də yaxşı oyunçulardılar. Pit sol cinahda yaxşı oyun sərgiləyir. Bütövlükdə, “Xəzər Lənkəran” maraqlı komandadı. Deyə bilmərəm ki, onlar Polşa çempionatında neçənci yeri tuta bilərdilər. Hər halda güclü komandadı. Onlarla oyunumuz asan olmayacaq. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Muravski dörd il əvvəl komandamıza vurduğu qolu xatırlamadığını dilə gətirib: “Qolu necə vurduğumu xatırlamıram. Amma ümid edirəm ki, yenidən qol vura biləcəyəm. Fiziki cəhətdən komandada hər şey yaxşıdı”.
“Lech”in təcrübəli futbolçusu “Xəzər Lənkəran”ı ilk təsnifat mərhələsində rəqibləri olmuş Qazaxıstanın “Jetisu” klubu ilə müqayisə edib: “Xəzər Lənkəran” “Jetisu”dan daha güclü komandadı. Lənkərandakı oyun çox çətin keçdi. Düzdü, biz favoritik. Amma hər şey ola bilər. Qapımıza vurulacaq bir qol bizi Avroliqadan kənar qoya bilər. Eyni zamanda dörd il əvvəlki nəticəni (4:1) də təkrarlaya bilərik. Əgər erkən qol vursaq, bizdə hər şey alınacaq”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.
