26 iyul 2012 00:04
İnter və Xəzər Lənkəranın tarixi şansı
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klubların taleyinə məhz bu gün aydınlıq gələcək.
Qeyd edək ki, cari mövsüm Avroliqada üç klubla təmsil olunsaq da, “Bakı” ilk cəhdində Sloveniya “Mura”sına məğlub olaraq, qitə səyahətini erkən başa vurdu. Lakin ilk mərhələni uğurla adlayan “Xəzər Lənkəran”la “İnter” yoluna davam etməkdədi. Bu komandalarımız ilk cəhdində Estoniya təmsilçilərinə qalib gəldilər. “Ağ-yaşıllar” “Nomme Kalju” (2:2, 2:0), “bankirlər” isə “Trans” üzərində (5:0, 2:0) zəfər qazandı.
Bu dəfə isə komandalarımız daha ciddi sınaqla üz-üzədilər. Avroliqaya Premyer Liqamızın gümüş mükafatçısı kimi vəsiqə qazanan “Xəzər Lənkəran”ı Polşa “Lech”i, bürünc medalçımız olan “İnter” isə Yunanıstanın “Asteras” komandasıyla mübarizə aparır. Təmsilçilərimizin hər ikisi bu rəqibləriylə ilk oyunu doğma meydanda keçirdi. Çox təəssüf ki, həmin oyunların hər ikisi istəmədiyimiz nəticə ilə başa çatdı. Belə ki, həm “bankirlər”, həm də “ağ-yaşıllar” hesabı açdıqları görüşləri heç-heçə ilə başa vurmaq məcburiyyətində qaldılar – 1:1.
Təbii ki, bu, rəqib komandaların işinə daha çox yarayır. Çünki onlar indi cütün taleyini məhz evdə həll etmək şansına malikdilər. Düzdü, komandalarımız ilk oyunun doğma divarlar arasında keçirilməsindən maksimum yararlanıb, cavab görüşünün səfərdə keçirilməsinin riskini azalda da bilərdilər. Necə ki, Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” Gürcüstan “Zestafoni”si ilə ilk qarşılaşmada 3:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqənin taleyini demək olar ki, birinci 90 dəqiqədə bitirmiş oldu. Hər halda belə qələbədən sonra rəqib komandanın cavab görüşünü evdə keçirməsi elə də ciddi üstünlük qazandırmazdı. Amma çox təəssüf ki, “İnter”lə “Xəzər Lənkəran” rəqiblərinin bu üstünlüyündən yararlanmaq şansını heçə endirməyi bacarmadı.
Qeyd edək ki, “Asteras”la müqayisədə, “Lech” Azərbaycan klubları üçün daha tanış rəqibdi. Bu komanda indiyədək rəsmi turnirlərdə üç dəfə klublarımıza rəqib olub. “Karvan”, “Xəzər Lənkəran” və “İnter”i sınağa çəkmiş Poznan təmsilçisi hər üç halda güclü çıxıb. Püşk bu komandanı ilk dəfə 2005-ci ilin yayında “Karvan”ın qarşısına çıxarıb. Bakıdakı oyunda “Lech” 2:1, Polşadakı matçda 2:0 hesablı qələbə qazanıb. 2008-2009 mövsümündə UEFA Kubokunun birinci təsnifat mərhələsində bu dəfə “Lech” “Xəzər Lənkəran”a rəqib olub. “Bakı”dakı oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. Polşadakı qarşılaşma isə daha böyükhesabla nəticələnib – 4:1. 2010-2011 mövsümündə isə “Lech” Çempionlar Liqasında “İnter”ə rəqbi olub. Bakıdakı oyunda “Lech”, Poznandakı matçda “İnter” 1:0 hesablı qələbə qazanıb. Cavab matçının əlavə vaxtında da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Tərəflər hərəyə 9 dəfə penalti vurub. “Lech” 2, “İnter” 3 dəfə zərbəni qeyri-dəqiq yerinə yetirdiyindən mərhələ adlayan tərəf Polşa təmsilçisi olub.
Yeri gəlmişkən qeyd edək ki, “Xəzər Lənkəran” ikinci dəfə yoluna çıxan “Lech”in Lənkərandakı oyununda bir seriyasına son qoymağı bacardı. Belə ki, Polşa təmsilçisi mübarizədən kənarlaşdırdığı klublarımızla hər üç halda ilk oyununu səfərdə keçirmişdi. 2005-ci ildə “Karvan”ı 2:1, 2008-ci ildə məhz “Xəzər Lənkəran”ı (1:0), 2010-cu ildə isə “İnter”i (1:0) səfərdə yenən poznanlılar bu dəfə yenə Azərbaycan təmsilçisinə qarşı ilk oyununu rəqib meydanında keçirdilər. Amma “ağ-yaşıllar” klublarımızın qəniminə çevrilən “Lech”in bu qələbə seriyasını qıraraq, ən azı heç-heçəyə nail olmağı bacardı. Ümid edək ki, səfərdəki görüşdə “Xəzər Lənkəran” bu rəqibinin mərhələ adlamaq seriyasına da son qoymağı bacaracaq.
“Asteras”a gəlincə, bu komanda son mövsümdə Yunanıstan Super Liqasının altıncı pillədə başa vurub. Bu komandanın avrokubok təcrübəsi yoxdu. Belə ki, Tripolis şəhərinin təmsilçisi qitə miqyaslı turnirlərdəki tarixi matçına məhz Bakıda çıxdı. Güclü komanda olmasına baxmayaraq, məhz avrokubok təcrübəsinin olmaması komandamızın işini asanlaşdıra bilər. İndi qalır “bankirlər”in bu və digər şanslardan maksimum yararlanması.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də müsbət təsir göstərir. Belə ki, klublarımızın hər qələbəsi ölkəmizə 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə 0,125 xal verir. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 35-cidi və hesabında 7.166 reytinq xalı var ki, onun da 1.625-i cari mövsümdə qazanılıb. Bundan 0,625 xal “İnter”in, 0,500 xal “Xəzər Lənkəran”ın, 0,375-i “Neftçi”nin, qalanı isə “Bakı”nın (0,125) payına düşür.
Avroliqadakı klublarımızın iştirak ərizələrini də təqdim edirik. “İnter” bu turnirdə 21, “Xəzər Lənkəran” isə 19 futbolçu ilə mübarizə aparır.
İNTER
Qapıçılar: Georgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze;
Müdafiəçilər: Brüs Abdulaye, Valeri Abramidze, Ruslan Əmircanov, İlia Kandelaki, Vladimir Levin, Haynts Barmettler;
Yarımmüdafiəçilər: Arif Daşdəmirov, Daniel Genov, Nizami Hacıyev, Slavço Georgiyevski, Asif Məmmədov, Asif Mirili, İbrahima Niasse;
Hücumçular: George Adamiya, Tales Şütz, Baçana Tsxadadze, Samir Zərgərov, Petar Zlatinov;
Baş məşqçi: Kaxaber Tsxadadze.
XƏZƏR LƏNKƏRAN
Qapıçılar: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı;
Müdafiəçilər: Ruslan Abışov, Elnur Allahverdiyev, Eder Bonfim, Manuel Skarlatake, Radomir Todorov;
Yarımmüdafiəçilər: Elnur Abdullayev, Kamran Abdullazadə, Robert Alviz, Rahid Əmirquliyev, Alim Qurbanov, Adrian Pit, Rikardo Qomeş, Akif Tağıyev, Sadio Tounkara;
Hücumçular: Rendal Brenes, Branimir Subaşiç;
Baş məşqçi: Yunis Hüseynov.
Avropa Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunları)
25 iyul
22:00. ASTERAS – İNTER
Baş hakim: Lars Kristoffersen (Danimarka).
Tripolis. “Asteras Tripolis” stadionu.
23:00. LECH - XƏZƏR LƏNKƏRAN
Baş hakim: Stanislav Todorov (Bolqarıstan).
Poznan. “Mieyski” stadionu.
