25 iyul 2012 22:45
Tsiolis İnterin başı altına yastıq qoydu: onlar bizdən daha güclüdü
Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma öncəsi keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
“İnter” çox güclü komandadı. İlk oyunun nəticəsi bizi qane etdi. Amma cavab matçında qələbə qazanmağa ümid edirik. Mən öz yetirmələrimlə söhbət etmişəm, demişəm ki, hər şey sıfırdan başlayır. Sanki ilk oyun olmayıb. Əgər “İnter”i yenmək istəyiriksə, çox əziyyət çəkməliyik. Çünki rəqib bütün 90 dəqiqəni hücum edəcək”.
Bu oyun “Asteras”ın avrokuboklardakı debüt görüşüdü: “Bizim üçün avrokuboklardakı ilk ev oyunumuzu qələbə ilə başa vurmaq çox vacibdi. Növbəti mərhələyə keçmək üçün 90 dəqiqə mübarizə aparmalıyıq. Əgər qələbə qazansaq, bu, Tripolis üçün bayram olacaq”.
Tsiolis qarşıdakı oyuna çıxaracağı heyətlə də bağlı fikirlərini açıqlayıb: “Heyətdə ciddi dəyişikliklər etməyəcəyik. Mən ilk oyundakı heyətimizdən razı qaldım. Əsas futbolçularımız ilk dəqiqələrdən meydana çıxacaqlar. Evdə onlar daha yaxşı oynayacaqlar. Həmçinin Tasos Bakasetas da ilk dəqiqələrdən meydanda olacaq. Ötən oyunda məhz onun meydana çıxmasından sonra qol vurduq. Ona görə də Bakasetas yəqin ki, əsas heyətdə olacaq”.
“Asteras”ın baş məşqçisi oyun sonrası penaltilərin mümkünlüyündən də danışıb: “Biz penalti seriyasına da hazırıq. “İnter” hücum futbolu sərgiləyən komandadı. Onlar hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirmək istəyəcəklər. Amma hər halda 11 metrlik zərbələrə də hazırıq”.
Tsiolis Bakıdakı oyundan danışarkən bir qədər fərqli açıqlamalarla yadda qalıb: “Mümkündü ki, bəziləri bizi başa düşmür. Amma bizimlə müqayisədə “İnter” çox güclü komandadı. Ona görə də ilk oyundakı 1:1-ə görə elə sevinirdik. Bizi başa düşmək lazımdı. Oyuna qədər musiqi dinləyirik ki, mübarizəyə psixoloji cəhətdən də hazır olaq. Bakıda bir qol vursaq da, xüsusi qol vəziyyətimiz olmadı. “İnter” isə hücuma 5 futbolçu ilə keçirdi. Onları saxlamaq çox çətin olurdu”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
